"Moskvanın kosmosdakı fəaliyyəti Avropa üçün fundamental təhlükə törədir..."
Avropanın təhlükəsizlik və kəşfiyyat qurumları Rusiyanın kosmosda apardığı fəaliyyətləri ciddi təhlükə hesab edir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşrin Avropa hərbi və kəşfiyyat mənbələrinə istinadən yazdığına görə, Rusiyaya məxsus "Luç-1" və "Luç-2" adlı iki kosmik aparat Avropanın əsas peyklərinin rabitə kanallarını izləyir və ələ keçirməyə çalışır. Söhbət yalnız mülki peyklərdən getmir. Bu peyklər Avropa ölkələrinin hökumət rabitəsini, qismən də hərbi əlaqələri təmin edir və Böyük Britaniya, Aİ ölkələri, Afrika və Yaxın Şərqi əhatə edir.
Təhlükəli yaxınlaşmalar və zəif qorunan rabitə
Avropa mənbələrinin məlumatına görə, rus aparatları geostasionar orbitdə Avropaya məxsus peyklərə təhlükəli dərəcədə yaxınlaşır və həftələrlə onların bilavasitə yaxınlığında qalır. Xüsusilə 2023-cü ildə orbitə buraxılan "Luç-2" indiyədək 17 Avropa peykinə yaxınlaşıb.
Bundesverin Kosmik Komandanlığının rəhbəri general-mayor Mixail Traut hesab edir ki, bu aparatların əsas fəaliyyəti radioelektron kəşfiyyatdır. Onun sözlərinə görə, Avropaya məxsus bir çox peyk illər əvvəl orbitə buraxılıb və müasir şifrələmə sistemləri ilə təchiz olunmayıb. Bu isə ötürülən məxfi məlumatların ələ keçirilməsini asanlaşdırır.
Avropa kəşfiyyat nümayəndələri bildirir ki, "Luç" aparatları yer stansiyalarından peyklərə ötürülən idarəetmə siqnallarının dar ötürmə konusuna daxil ola bilib ki, bu da gələcəkdə daha təhlükəli müdaxilələr üçün zəmin yaradır.
Manipulyasiya riski və Avropa üçün strateji həyəcan siqnalı
Hərçənd "Luç-1" və "Luç-2" peykləri birbaşa məhv etmək imkanına malik deyil, mütəxəssislər onların manevrlərinin ciddi risklər yaratdığını vurğulayır. Əldə edilən məlumatlar vasitəsilə peyklərin orbitinə müdaxilə, idarəetmə sistemlərinin imitasiya olunması, hətta onların sıradan çıxarılması və nəzarətsiz şəkildə Yerə düşməsi ehtimalı istisna edilmir.
Nəşr yazır ki, Rusiya son üç il ərzində Avropa peyklərini sistemli şəkildə izləyir. Almaniyanın müdafiə naziri Boris Pistorius isə peyk şəbəkələrini "müasir cəmiyyətlərin Axilles dabanı" adlandıraraq bildirib ki, bu sistemlərə edilən hücum bütöv dövlətləri iflic vəziyyətinə sala bilər. Onun sözlərinə görə, Rusiyanın kosmosdakı fəaliyyəti Avropa üçün artıq nəzəri yox, real və fundamental təhlükədir və bu təhlükəni görməzdən gəlmək mümkün deyil.