Dünya
203
21:40, Bu gün

"Avropa öz süqutunu yaxınlaşdırdı" - "American Thinker"

"Sosial təminat illüziyası, miqrasiya dalğası və unudulmuş müdafiə qitəni tənəzzülə aparır..."

Avropa qitəsi öz siyasəti ilə tənəzzül yolunu seçib. Həddindən artıq səxavətli sosial təminat sistemi, nəzarətsiz miqrasiya və müdafiə qabiliyyətinin zəifləməsi qitəni daxildən sarsıdır. 

Moderator.az xəbər verir ki, bu barədə "American Thinker" nəşri yazıb.

Sosial dövlət vədi və humanizm şüarları altında qurulan bu model vətəndaşlarda təşəbbüskarlıq yox, asılılıq formalaşdırıb, miqrasiya isə Avropanın mədəni əsaslarını aşındırıb. Hərbi baxımdan isə qitə faktiki olaraq ABŞ-dan asılı vəziyyətə düşüb.

Rifah dövlətinin tıxanması

İkinci Dünya müharibəsindən sonra Avropa "beşikdən məzara qədər" təminat vəd edən sosial model qurdu. Vaxtilə humanizmin zirvəsi kimi təqdim edilən bu sistem bu gün siyasi və maliyyə yükünə çevrilib. Sosial xərclər 2025-ci ildə Aİ-də 3,3 trilyon avroya çataraq ÜDM-in təxminən 20 faizini təşkil edib.

Bu model əmək motivasiyasını zəiflədir, dövlət borclarını artırır və innovasiyaya marağı öldürür. Fransada dövlət borcu ÜDM-in 114 faizinə, İtaliya və Yunanıstanda isə 137 və 152 faizə yüksəlib. Paradoks ondadır ki, sosial təminatın həm genişləndirilməsi, həm də ixtisarı radikal meyllərin güclənməsinə səbəb olur və Avropa siyasətini iflic vəziyyətinə salır.

Demoqrafik və mədəni sarsıntı

Məqalədə vurğulanır ki, kütləvi miqrasiya Avropada dərin demoqrafik dönüş yaradıb. 2025-ci ilə qədər Aİ-də müsəlmanların sayı 23-25 milyona çataraq əhalinin təxminən 5 faizini təşkil edib. Bu artım həm yüksək doğum göstəriciləri, həm də davamlı miqrasiya axını ilə izah olunur.

Bəzi miqrantlar uğurla inteqrasiya olunsa da, digərləri sosial sistem üçün ciddi yükə çevrilir. Kilsələrin boşalması, məscidlərin sayının artması mədəni balansın dəyişdiyini göstərir. Müəllif bunu "demoqrafik üsullarla aparılan mədəni transformasiya" kimi qiymətləndirir.

Müdafiəsiz Avropa və ABŞ-la çatlar

Avropanın hərbi zəifliyi onun digər problemlərini daha da dərinləşdirir. NATO çərçivəsində müdafiə xərcləri artsa da, Aİ ölkələri hələ də ABŞ-la müqayisədə geridə qalır. Bu asılılıq Vaşinqtonda narazılıq doğurur.

2025-ci il Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Cey Di Vens Avropanı sərt tənqid edərək əsas təhlükənin xaricdən yox, daxildən - senzura, fikir azadlığının məhdudlaşdırılması və demokratik dəyərlərin aşınmasından qaynaqlandığını bildirdi. Bu çıxış transatlantik münasibətlərdə dərin çatların mövcudluğunu üzə çıxardı.

Xəbərdarlıq zəngi

Məqalənin yekununda qeyd olunur ki, sosial təminatın ifrat forması, demoqrafik dəyişikliklər və hərbi acizlik Avropanı geosiyasi səhnədən sıxışdırıb çıxara bilər. Müəllifin fikrincə, sosial xərclərin azaldılması, sərhədlərə ciddi nəzarət və müdafiə qabiliyyətinin bərpası olmadan Avropa mədəni və siyasi süqut riski ilə üz-üzədir.
Belə davam edərsə, Qərb sivilizasiyasının beşiyi onun məzarına çevrilə, azadlığın sönən alovunu isə yalnız tək qalan ABŞ qorumağa məcbur ola bilər.

Link kopyalandı!
Son xəbərlər