Dünya
264
20:40, Bu gün

"Ağ Evdə Putinlə Trampın fotosu Polşanı qorxuya salıb" - "Interia" (Polşa)

"Bu, yeni dünyanın rəmzidir…"

Ağ Evin divarında Donald Trampın Vladimir Putinlə birgə fotosunun asılması sadəcə dekor detalı deyil. Bu, indiki Amerikanın hansı dünyaya can atdığını göstərən siyasi mesajdır.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Interia" nəşri yazıb.

"Vahid Qərb" mifinin sonu

Nəşrin fikrincə, bu görüntü Polşa üçün unudulduğu sanılan bir həqiqəti xatırladır: vahid Qərb artıq yoxdur, Qərb ikiyə bölünüb. Uzun illər Qərb demokratiya, hüququn aliliyi və sabitliklə, Şərq isə avtoritarizm və zorakılıqla eyniləşdirilirdi. Bu bölgü Mərkəzi və Şərqi Avropa üçün siyasi kompas rolunu oynayır, Aİ və NATO-ya inteqrasiyanı əsaslandırırdı.

Lakin müəllif vurğulayır ki, bu təsvir həddən artıq idealizə olunmuşdu. Qərb heç vaxt tam vahid olmayıb. Liberal-demokratik ənənə ilə yanaşı, onun daxilində həmişə gücə, iyerarxiyaya və imperiya məntiqinə meylli başqa bir cərəyan da mövcud olub. "Soyuq müharibə" dövründə bu ziddiyyətlər geosiyasi qarşıdurmanın kölgəsində qalırdı.

Demokratik və qeyri-demokratik Qərb

"Interia" yazır ki, 2025-ci ildə bu pərdə artıq qalxıb. Bu gün Qərb anlayışı açıq şəkildə ikiyə bölünür. Birinci Qərb institutlara, qaydalara və seçkilərin nəticələrinin qəbuluna əsaslanan demokratik modeldir. Burada ittifaqlar öhdəlik, hüquq isə real işlək mexanizmdir.

İkinci Qərb isə getdikcə daha çox qeyri-demokratik xüsusiyyətlər qazanır. Azadlıq və "suverenlik"dən danışsa da, praktikada məhkəmələri maneə kimi görür, seçki məğlubiyyətini isə şübhə altına alır. Bu yanaşma siyasi mübahisəni demokratiya daxilindən çıxarıb, demokratiyanın özünə qarşı yönəldir.

Polşa üçün açıq xəbərdarlıq

Nəşrə görə, Ağ Evdəki Putin-Tramp fotosu Polşa üçün güclü simvoldur. Bu görüntü Amerikanın bu gün hansı "sülhü" istədiyini göstərir və bu sülhün kiçik və orta ölkələr qarşısında öhdəliklərə əsaslanacağına dair ciddi suallar yaradır.

Müəllif qeyd edir ki, Polşa siyasətçilərinin bir hissəsi hələ də mövcud olmayan "köhnə Qərb"lə mübahisə aparır. Halbuki iki Qərbin mövcudluğu Avropada təhlükəsizlikdən iqtisadiyyata qədər bütün qərarların şərtlərini dəyişir.

Nəticə olaraq "Interia" yazır: əvvəlki dünya artıq yoxdur və əsas sual "Qərb nədir?" yox, bu parçalanmış reallıqda Polşanın necə vahid və dayanıqlı qalacağıdır.

Link kopyalandı!
Son xəbərlər