Dünya
345
02 Feb 2026 | 22:45

"Şizofreniyanın müalicəsində yeni ümid: İsrail və İsveçrə alimlərindən mühüm irəliləyiş" - İsrail mətbuatı

"Beynin dərin stimulyasiyası və beyincik üzərindən yeni yanaşmalar ağır simptomların aradan qaldırılmasını vəd edir..."

İsrailin Hayfa şəhərində yerləşən "Rambam" Tibb Mərkəzinin alimləri şizofreniyanın müalicəsində yeni və perspektivli üsul kəşf ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.

Beynin dərin mexanizmlərinə hədəflənmiş müdaxilə

Tədqiqatçılar dərin beyin stimulyasiyası (DBS) metodunun köməyi ilə xəstələrdə hərəkət, öyrənmə və qərarvermə funksiyalarının bərpasına nail olduqlarını bildiriblər. Alimlər beynin xəstəliklə əlaqəli dərin nəzarət zonasını müəyyən edərək, bu sahəyə aşağı tezlikli və davamlı elektrik stimulyasiyasının tətbiqinin davranış və idrak pozuntularını əhəmiyyətli dərəcədə azaltdığını sübut ediblər.

Tədqiqat rəhbərlərindən biri, "Rambam" Mərkəzinin psixiatriya şöbəsindən doktor Nir Aş bildirib ki, bu yanaşma mövcud dərman müalicəsinə zəif cavab verən xəstələr üçün yeni terapevtik istiqamət aça bilər. Araşdırmanın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub. 

Hesablama modelləri isə göstərib ki, beynin xarici solğun nüvəsi diqqətin və idrak balansının dinamik tənzimləyicisi rolunu oynayır və düzgün dozalanmış stimulyasiya beynin ümumi fəaliyyət ritmini normallaşdırır.

Minimal invaziv texnologiya və real klinik potensial

İsraildə tətbiq olunan dərin beyin stimulyasiyası mikrocerrahi üsulla həyata keçirilir. Neyrostimulyatorun əsas hissələri dərialtına yerləşdirilir, elektrodlarsa kəllədə açılan kiçik dəlik vasitəsilə beynin konkret sahələrinə implantasiya olunur.

Cihaz implantasiyadan sonra fərdi şəkildə tənzimlənir ki, maksimal terapevtik effekt əldə edilsin. Mütəxəssislər vurğulayır ki, bu metod xüsusilə şizofreniyanın kognitiv və "neqativ" simptomlarında, yəni apatiya, qərarsızlıq və öyrənmə çətinliklərində daha ümidverici nəticələr göstərir.

İsveçrədən paralel kəşf: beyincik və motivasiya əlaqəsi

Eyni zamanda, İsveçrənin Cenevrə Universitetinin alimləri şizofreniyanın başqa bir zəif nöqtəsini üzə çıxarıblar. "Biological Psychiatry" jurnalında dərc olunan araşdırmaya görə, beyincik motivasiya və mükafat sisteminin tənzimlənməsində mühüm rol oynayır. 

Tədqiqatçılar müəyyən ediblər ki, beyinciyin bu sistemi nə qədər effektiv idarə etməsi, xəstələrdə motivasiya itkisi, həzz ala bilməmə və sosial təcrid kimi simptomların şiddətinə birbaşa təsir edir. Bu mexanizmin üstün cəhəti ondan ibarətdir ki, beyincik qeyri-invaziv neyrostimulyasiya üçün daha əlçatan zonada yerləşir.

Cenevrədə artıq klinik sınaqlara start verilib və alimlər maqnit impulsları vasitəsilə beyinciyin stimulyasiyasının şizofreniya xəstələrinin gündəlik həyat keyfiyyətini yaxşılaşdırıb-yaxşılaşdırmayacağını araşdırırlar. İlk nəticələrin 2028-ci ildə açıqlanması gözlənilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər