Dünya
222
20:07, Bu gün

"Rusiya kosmosda nüvə partlayışı həyata keçirməlidir" - Solovyov

"Starlink qalmaqalı Kreml təbliğatçısını açıq nüvə hədələrinə gətirib çıxardı..."

Rusiya dövlət televiziyasının əsas simalarından biri olan Vladimir Solovyov ABŞ  milyardçısl İlon Maskın Ukrayna ilə əməkdaşlığı fonunda efirdə növbəti dəfə təhlükəli və radikal bəyanatlarla çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.

"Starlink" legitim hədəfdir

"Rossiya-1" kanalında yayımlanan proqramında Solovyov açıq şəkildə kosmosda nüvə partlayışı həyata keçirilməsini təklif edib və bunu Maskın "Starlink" peyk sisteminə "qarşı tədbir" kimi təqdim edib. Onun iddiasına görə, "Starlink" artıq mülki layihə deyil, birbaşa "Rusiyaya qarşı müharibənin alətidir". 

Solovyov bildirir ki, Maskın şirkətləri vasitəsilə ABŞ hökuməti Rusiyaya qarşı döyüşür və bu proses "kosmosun hərbiləşdirilməsi" deməkdir. Bu səbəbdən o, "Starlink" peyklərinin "qanuni hərbi hədəf" olduğunu iddia edir. Solovyov efirdə emosional çıxışı zamanı deyib ki, "bir nüvə partlayışı bu problemi ciddi şəkildə həll edə bilər" və əlavə edib ki, bu addım yaxşı olmasa da, guya alternativ qalmayıb.

Nüvə zərbəsi, robot qorxusu və "poçt göyərçinləri" istehzası

Solovyovun çıxışı təkcə nüvə çağırışı ilə məhdudlaşmayıb. O, İlon Maskın digər layihələrini, o cümlədən "Palantir" şirkətini və "Tesla" zavodlarında istehsalı planlaşdırılan "Optimus" robotlarını da təhlükə kimi təqdim edib. Təbliğatçıya görə, bu texnologiyalar gələcəkdə "Rusiyaya qarşı istifadə oluna bilər". 

Stidiyadakı qonaqlardan biri nüvə partlayışının seçici olmadığını, yəni bu halda Rusiya peyklərinin də sıradan çıxacağını xatırladıb. Solovyov isə Rusiyanın kosmosda geridə qaldığını etiraf edərək, bunun "məğlubiyyət deyil, əksinə üstünlük" ola biləcəyini iddia edib. Ardınca isə istehza ilə deyib:

"Bəli, hər zamankı kimi poçt göyərçinlərinə, həmçinin, özünü çoxdan doğrultmuş bir-birimizlə qışqırmaqla, döyəcləməklə məlumat ötürmə vasitələrinə keçəcəyik". Bu ritorika studiyada zarafat kimi təqdim olunsa da, faktiki olaraq nüvə silahının istifadəsinin normallaşdırılması və ictimai şüura sıradan bir variant kimi yeridilməsi təsiri bağışlayır.

"Starlink" məhdudiyyətləri və Solovyovun köhnə "ssenarisi"

Solovyovun bu çıxışı təsadüfi deyil. Son günlər "SpaceX" Ukrayna hökumətinin müraciətindən sonra  "Starlink"-in Rusiya tərəfindən zərbə dronlarında istifadəsinə qarşı texniki məhdudiyyətlər tətbiq edib. Bu addım nəticəsində yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarında stabil peyk bağlantısı kəsilib.

Məhz bu qərardan sonra Solovyov efirdə isterik reaksiyalar verərək Maskı və onun şirkətlərini açıq düşmən elan edib. Maraqlıdır ki, bu, ilk belə hal deyil. O, hələ 2022-ci ilin oktyabrında da oxşar şəkildə "kosmosda nüvə partlayışı" ideyasını səsləndirmişdi.

Beləliklə, "Starlink" ətrafında yaranan texnoloji və hərbi balans dəyişiklikləri Kremlin əsas təbliğatçılarından birini yenidən nüvə ritorikasına sürükləyib. Bu çıxışlar təkcə emosional reaksiya deyil, Rusiya mediasında nüvə eskalasiyasının getdikcə daha açıq və sərhədsiz şəkildə müzakirə olunmasının növbəti göstəricisi kimi qiymətləndirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər