Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Jurek avtomobil idarə edərkən piyada keçidində qadına yol vermədiyinə görə cərimələnib.
Moderator.az RMF24 radiostansiyasının məlumatına istinadən xəbər verir ki, qayda pozuntusu Krakov şəhərində televiziya proqramının çəkilişi zamanı baş verib.
Verilişin şərtlərinə əsasən, nazir avtomobili idarə etməli və eyni vaxtda müxbirin suallarını cavablandırmalı olub. Piyadanı ilk olaraq jurnalist görsə də, nazir avtomobili saxlamayıb və "o hələ uzaqdadır" deyə bildirib. Cərimənin məbləği açıqlanmayıb.
Qeyd edək ki, Valdemar Jurek 2025-ci il iyulun 23-də Polşanın Baş naziri Donald Tuskun qərarı ilə ədliyyə naziri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Krakov Dairə Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Yeni nazirin ilk qərarlarından biri yerli məhkəmələrin 46 sədr və sədr müavininin vəzifədən azad edilməsi olub.