Bizi sosial şəbəkələrdən izləyin:
İranın Hörmüz boğazında hərbi təlimlər keçirməsi barədə yayılan xəbərlər regionda gərginliyi pik həddə çatdırdığı bir vaxtda rəsmi Tehran tərəfindən təkzib olunub.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, yüksək rütbəli iranlı rəsmi "Reuters" agentliyinə açıqlamasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında canlı atəşlə hərbi təlimlər keçirmək planının olmadığını bildirib.
"Reuters"in məlumatına görə, iranlı rəsmi bəzi media orqanlarında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Onun sözlərinə görə, nə SEPAH tərəfindən bu istiqamətdə rəsmi qərar qəbul edilib, nə də hər hansı hərbi təlimlə bağlı rəsmi elan verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın dövlət mediasına yaxın mənbələr, o cümlədən Press TV 1–2 fevral tarixlərində Hörmüz boğazında hərbi-dəniz təlimlərinin keçiriləcəyi barədə məlumatlar yaymışdı. Həmin xəbərlər ABŞ və müttəfiqlərinin bölgədə artan hərbi fəallığı fonunda geniş rezonans doğurmuşdu.
"Reuters"ə danışan iranlı rəsmi isə bildirib ki, yayılan məlumatlar mediada yanlış interpretasiya olunub və real vəziyyəti əks etdirmir. Onun sözlərinə görə, hazırda Hörmüz boğazında canlı atəşlə hərbi manevrlərin keçirilməsi gündəmdə deyil.