"Xüsusi hərbi əməliyyat məqsədinə çatmayıb, Rusiya NATO ölkələri və beynəlxalq alyanslarla qarşı-qarşıyadır..."
Samara vilayəti Dumasının illik iclasında deputat, "Rusiya Demokratik Partiyası"nın nümayəndəsi Qriqori Yeremeyev çıxış edərək, xüsusi hərbi əməliyyatın (XHƏ) uğursuzluğunu Putinlə birlikdə etiraf etməyi və Ukraynada müharibəni dayandırmaq üçün konkret addımlar atmağı təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "themoscowtimes.com" nəşri məlumat yayıb.
Deputatın çıxışı
Yeremeyev çıxışında bildirib ki, ölkə illərdir davam edən xüsusi hərbi əməliyyatın (XHƏ) nəticələrini qiymətləndirməli, müharibənin itkilərini dərk etməlidir. Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri davam edən hərbi əməliyyatlar məqsədinə çatmayıb və faktiki olaraq Rusiya NATO ölkələri və beynəlxalq alyanslarla qarşı-qarşıyadır.
Deputat vurğulayıb ki, hər gün müharibə dövlətə yüz milyonlarla dollar zərər gətirir, illik xərclər isə trilyonlarla rubla çatır. Bu itkilər müasir hərbi texnika, tank, raket və vertolyot qiymətləri ilə misalla göstərilib. Yeremeyev müharibənin davamının yalnız insan itkisinə, iqtisadi itkilərə və mənəvi dağıntıya səbəb olduğunu söyləyib.
O, XHƏ-nin dayandırılmasının milli maraqlar üçün vacib olduğunu, bununla həm vətəndaşların rifahının artırıla biləcəyini, həm də hüquqi və əxlaqi böhranların azaldılacağını qeyd edib. Deputat konkret olaraq Samara vilayətində hər sakinə aylıq 10 min rubldan ödəniş təklif edib və bu vəsaitin XHƏ üçün xərclənməməsini, əhalinin sosial rifahına yönəldilməsini vacib hesab edib.
O, parlament üzvlərinə çağırış edib ki, XHƏ-nin uğursuzluğuna görə məsuliyyəti Putinə bölüşsünlər və müharibəni dayandırmaq üçün təşəbbüs göstərsinlər. Yeremeyev çıxışının sonunda təklif edib ki, Duma fəaliyyətini müharibə dayandırılana qədər təxirə salsın və bu addımın 10-30 gün ərzində müharibənin sonlanmasına imkan verə biləcəyini vurğulayıb.
Dumanın reaksiyası
Deputatın çıxışı Samara Dumasında ciddi narazılıq yaradıb. Dumanın sədr müavini Yekaterina Kuzmiçeva çıxışı hüquqi orqanlara göndərməyi təklif edib, digər deputatlar isə Yeremeyevin çıxışını "qanunsuz" hesab edərək, onun federal səviyyədə məsuliyyətə cəlb olunmasını istəyiblər.
Samara Dumasının digər üzvləri çıxışın ekstremist, ölkənin mövcud siyasətinə zidd olduğunu və milli maraqlara xələl gətirdiyini vurğulayıblar. Onlar həmçinin qeyd ediblər ki, vətəndaşların əksəriyyəti xüsusi hərbi əməliyyatı dəstəkləyir və belə təşəbbüslər daxili düşmən səsi kimin qiymətləndirilir.