Dünya
1027
19:07, Bu gün

"Trampın vəd etdiyi "qızıl dövr": bir ildən sonra reallıq nə deyir?" -  BBC

"Trampın vədləri ilə rəsmi statistika və iqtisadçı rəyləri arasında ciddi uyğunsuzluq üzə çıxır..."

Donald Tramp prezidentliyinin ikinci müddətinin ilk ilini "Amerikanın qızıl çağı" adlandırır.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, Ağ Evin rəsmi saytında iqtisadi yüksəliş, artan rifah və ABŞ-ın enerji və texnologiya sahəsində qlobal hegemonluğu vurğulanır. Lakin statistika, sorğular və iqtisadçıların qiymətləndirmələri bu mənzərənin xeyli ziddiyyətli olduğunu göstərir.

İqtisadi "bum": artım var, amma gözlənilən kimi deyil

Tramp Ayovada çıxışında "tarixdə görünməmiş iqtisadi bum"dan danışsa da, Dünya Bankının rəqəmləri daha təmkinlidir. ABŞ iqtisadiyyatı 2025-ci ildə 2,1 faiz böyüyüb. Halbuki Co Bayden dövründə artım daha yüksək olub - 2023-cü ildə 2,9 faiz, 2024-cü ildə isə 2,8 faiz. Üstəlik, artım iqtisadiyyatın bütün sahələrini əhatə etmir. 

Əsas dinamika "Microsoft", "Amazon", "Google" kimi nəhənglərin süni intellektə yatırdığı milyardlarla dollarla bağlıdır. İqtisadçılar xəbərdarlıq edir ki, bu investisiyalar həm uzunmüddətli fayda, həm də riskli "köpük" yarada bilər. Nobel mükafatçısı Pol Kruqman isə daha sərt mövqe tutur: "Heç bir bum yoxdur. Bir çox göstəricilər Baydendən miras qalan vəziyyətdən daha pisdir".

Tariflər, iş yerləri və rifah: kim qazanır?

Tramp tariflərin ABŞ-ı zənginləşdirdiyini iddia edir. Amma Kiel Institute hesablayıb ki, gömrük rüsumlarının 96 faizini amerikalı istehlakçılar və biznes ödəyir, cəmi 4 faizi xaricilərin payına düşür. Bu rüsumlar faktiki olaraq istehlak vergisinə bərabərdir və son 30 ildə ABŞ-da ən böyük vergi artımı sayılır.

Məşğulluq sahəsində də tablo ürəkaçan deyil. Dövlət sektorundakı ixtisarlar nəzərə alınmasa belə, özəl sektorda iş yerlərinin artımı son on ilin ən zəif göstəricilərindən biridir. Sənaye, tikinti və nəqliyyat sahələrində azalma müşahidə olunur.

Bu fonda sərvət bərabərsizliyi dərinləşir. Fransız iqtisadçı Qabriel Zukmanın hesablamasına görə, ABŞ-ın ən varlı 20 nəfərinin sərvəti artıq milli gəlirin 12 faizinə çatıb. 15 il əvvəl bu göstərici cəmi 3 faiz idi. Fond bazarı da Trampın iddia etdiyi kimi "hamını zənginləşdirmir" - ABŞ birjası digər ölkələrin bazarlarından geri qalır.

İnflyasiya, investisiyalar və qlobal mövqe: qeyri-müəyyənlik artır

Tramp inflyasiyanın "dayandığını" desə də, qiymətlər sadəcə daha yavaş artır. "YouGov"sorğusuna görə, amerikalıların 60 faizi Trampın inflyasiya siyasətindən narazıdır. PIIE iqtisadçıları tariflər və miqrantların deportasiyası səbəbilə 2026-cı ildə inflyasiyanın yenidən sürətlənə biləcəyini istisna etmirlər. Trampın elan etdiyi 18 trilyon dollarlıq investisiya vədləri də şübhə altındadır.

Avropa və Körfəz ölkələrinin verdiyi sözlər hələ real maliyyə axını ilə təsdiqlənməyib. PIIE bunu "səhrada ilğım"a bənzədir.
Xarici siyasətdə isə "Öncə Amerika" kursu əks effekt verir: bir çox ölkə ABŞ-dan uzaqlaşaraq Çinə yaxınlaşır. Kanada və Danimarkada Amerika mallarına boykot meylləri bunun simvolik göstəriciləridir.

Qızıl dövr, yoxsa qərarsızlıq?

PIIE rəhbəri Adam Pozen vurğulayır ki, ABŞ-da iqtisadi artım üçün bütün şərtlər mövcuddur: aşağı vergilər, ucuz kreditlər və enerji. Amma həm biznes, həm də əhali gözləmə mövqeyindədir. Səbəb isə qeyri-müəyyənlikdir. Pol Kruqman deyir:

"İstənilən başqa prezident bu nəticələrdən sonra siyasəti dəyişərdi. Amma Tramp uğursuzluğu inkar edib eyni yolu daha böyük israrla davam etdirməyi seçir. Nəticə etibarilə, BBC yazır ki, Trampın vəd etdiyi "qızıl dağlar" hələlik daha çox siyasi ritorika təsiri bağışlayır, iqtisadi reallıq isə xeyli daha mürəkkəb və ziddiyyətlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər