"Vaşinqtonun danışıqlarda iştirakı azalır, diplomatik təmaslar isə davam edir..."
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna ilə Rusiya arasında sülh razılaşması Vaşinqtonun xüsusi nümayəndələri olmadan da mümkün ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "reuters.com" agentliyi yazıb.
Agentliyinin yazdığına görə, Tramp bu fikri yanvarın 30-da bir sıra icra sərəncamlarını imzalayarkən səsləndirib. Onun sözlərinə görə, tərəflər arasında dərin şəxsi düşmənçilik danışıqları çətinləşdirsə də, razılaşma ehtimalını aradan qaldırmır.
ABŞ prezidenti bildirib: "Mən düşünürəm ki, onların şansı var. Mən səkkiz müharibəni bitirmişəm. Onların bəziləri bundan da çətin idi. Zelenski və Putin bir-birinə nifrət edir və bu, hər şeyi mürəkkəbləşdirir. Amma razılaşmaya çox yaxınıq".
Tramp eyni zamanda Rusiya-Ukrayna müharibəsində itkilərin miqyasına diqqət çəkərək, yüz minlərlə insanın həlak olduğunu vurğulayıb və sülhün təcili vacibliyini qeyd edib. Onun sözlərinə görə, son aylarda itkilər xüsusilə artıb: "Bir ayda 29 min hərbçi, ondan əvvəlki ayda isə 27 min".
Əbu-Dabi danışıqları və həssas məsələlər
Yanvarın 23-24-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Görüşlər “konstruktiv” kimi dəyərləndirilsə də, "Reuters"in yazdığına görə, ərazi məsələləri üzrə kompromis əldə olunmayıb. Ukrayna xarici işlər naziri Andrey Sıbiqa bildirib ki, ərazi mövzusu və Zaporojye Atom Elektrik Stansiyası danışıqlarda ən həssas məsələlər olaraq qalır.
Putinin əsas elçisi ABŞ-a gedir
Danışıqlar fonunda Putinin əsas nümayəndələrindən biri olan Kirill Dmitriyevin ABŞ-a səfəri gözlənilir. "Reuters"in məlumatına görə, o, yaxın günlərdə Mayamiyə gedərək Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirəcək. Səfərin detalları açıqlanmır. Dmitriyev Donbasla bağlı açıqlamaları ilə də diqqət çəkib. O, Ukraynanın Donbasdan çıxmasını "sülhə aparan yol" kimi təqdim edib.
Lakin "Financial Times" qəzetinin müxbiri Kristofer Miller buna cavab olaraq bildirib: "Rusiyanın Donbasdan və ümumilikdə Ukraynadan çıxması sülhün yeganə yoludur. Rusiya qoşunları Ukrayna ərazisində qaldığı müddətdə sülh mümkün deyil. İşğal sülh demək deyil". Bu fonda Tramp administrasiyası rəsmi vasitəçilərin rolunu azaltmaq mesajı versə də, pərdəarxası diplomatik təmasların davam etdiyi görünür.