Hindistan və Venesuela 2026-cı ildə münasibətləri yenidən başlatmaq barədə razılığa gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının yekunlarına dair öz "Telegram" kanalında məlumat paylaşıb.
"2026-cı ildə münasibətlərin yenidən başladılması üçün ümumi fəaliyyət planı üzrə razılıq əldə olunub", - deyə o yazıb.
Rodriqes qeyd edib ki, "dostcasına" keçən söhbət zamanı tərəflər "dərin insani və mənəvi qarşılıqlı anlaşmaya nail olublar" və bütün sahələrdə ikitərəfli tərəfdaşlığı dərinləşdirmək və genişləndirmək barədə razılığa gəliblər.
Xüsusilə energetika, kənd təsərrüfatı, elm və texnologiya, mədənçilik və əczaçılıq sənayesi, avtomobil istehsalı və turizm sahələrində strateji əməkdaşlıq nəzərdən keçirilib.
"Baş nazir Modi Venesuela xalqını öz sülhünü, suverenliyini və müstəqilliyini müdafiə etməkdə dəstəkləməyə hazır olduğunu təsdiqləyib", - deyə Rodriqes bildirib.