Yaponiyanın şimal-şərq bölgələrində rekord miqdarda yağan qar nəticəsində ən azı 28 nəfər ölüb, təxminən 300 insan xəsarət alıb.
Bu barədə Moderator.az TASS-a istinadən məlumat verir.
Məlumata görə, ən çox ölüm hadisəsi Niiqata (12), Akita (8) və Hokkaydo (5) prefekturalarında qeydə alınıb. Ölüm halları həmçinin Yamaqata və Aomori prefekturalarında baş verib.
Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırları təmizləyərkən vəziyyəti pisləşənlərə daha çox rast gəlinib.
Sinoptiklərin proqnozlarına görə, güclü qar qarşıdakı günlərdə də yağmağa davam edəcək. 31 yanvar səhərinə qədər Niiqata prefekturasında qar örtüyünün hündürlüyünün 70 sm, Honsyu adasının şimal-şərqində isə 50 sm-ə çatacağı gözlənilir.
Əlverişsiz hava şəraiti ictimai nəqliyyatda problemlər yarada bilər. Yaponiya aviaşirkətləri sərnişinləri uçuşlarının vəziyyətini diqqətlə izləməyə çağırır. "Japan Airlines" artıq beş reysi ləğv edib.