Dünya
608
29 Jan 2026 | 22:50

"Diplomatik etiraz dalğası: Qüdsdəki söküntü beynəlxalq narazılıq doğurub" - İsrail mətbuatı

"BMT obyektlərinin sökülməsi İsraili təkcə humanitar deyil, həm də ciddi diplomatik qarşıdurmanın mərkəzinə çəkib..."

İsrailin Şərqi Qüdsdə - Şeyx-Cərrah və Maalot-Dafna rayonlarında BMT-nin fələstinli qaçqınlara yardım obyektlərini sökməsi beynəlxalq miqyasda ciddi diplomatik etirazlara səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Presedentsiz addım": 11 ölkənin ortaq mövqeyi

Hadisə təkcə humanitar müstəvidə deyil, eyni zamanda İsrailin Qərb ölkələri ilə münasibətlərində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir. Böyük Britaniya, Fransa, Kanada, Yaponiya, İspaniya, Portuqaliya, Belçika, Danimarka, İrlandiya, Norveç və İslandiyanın xarici işlər nazirləri yanvarın 28-də yaydıqları birgə bəyanatda İsrailin addımlarını "presedentsiz və qəbuledilməz" kimi dəyərləndiriblər.

Sənəddə BMT-yə üzv dövlət tərəfindən BMT qurumunun obyektlərinə qarşı atılmış bu addımın agentliyin fəaliyyət imkanlarını zəiflətməyə yönəldiyi vurğulanır. Diplomatlar İsrailin BMT Nizamnaməsi və 1946-cı il Ümumi Konvensiyası çərçivəsində BMT obyektlərinin toxunulmazlığını qorumaq öhdəliyini xatırladaraq, bu cür hərəkətlərin dərhal dayandırılmasına çağırıblar.

Qanunlar, ittihamlar və İsrailin cavabı

UNRWA rəhbərliyinin məlumatına görə, yanvarın 20-də ağır texnika agentliyin Şərqi Qüdsdəki kompleksinə daxil olub və söküntü işlərinə başlanıb. Yanvarın 26-da isə qismən dağıdılmış ərazidə yanğın baş verib. Agentliyin rəhbəri Filip Lazzarini baş verənləri fələstinli qaçqınların statusunu "faktiki olaraq ləğv etməyə yönəlmiş" ardıcıl addımların davamı kimi qiymətləndirib.

Qərb ölkələri xüsusilə İsrailin 2024-cü ilin oktyabrında qəbul etdiyi və 2025-ci ilin dekabrında sərtləşdirdiyi qanunlardan narahatdır. Həmin qanunlar İsrail dövlət strukturlarının UNRWA ilə hər hansı əlaqəsini qadağan edir və agentliyin Qüds də daxil olmaqla ölkə ərazisində fəaliyyətini faktiki olaraq mümkünsüz edir - obyektlərə su, elektrik və qaz verilməsi belə dayandırılıb.

Rəsmi Qüds isə öz növbəsində addımlarının qanuni olduğunu bildirir. İsrail Xarici İşlər Nazirliyi iddia edir ki, sökülən obyektlər artıq BMT bazası kimi istifadə olunmurdu və buna görə diplomatik toxunulmazlığa malik deyildi. İsrail tərəfi UNRWA-nı HƏMAS-la əməkdaşlıqda ittiham edir, agentlik isə bu iddiaları qəti şəkildə rədd edir.

Link kopyalandı!
Son xəbərlər