"Hakimiyyətini qorumaq üçün hər şeyi edən Putin üçün seçim artıq "gedib-getməyəcəyi" deyil, "necə gedəcəyidir"..."
Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin sonu ilə bağlı müzakirələr artıq ehtimal deyil, ssenari səviyyəsinə yüksəlib.
Moderator.az xəbər verir ki, bu barədə "dailymail.com" nəşri yazıb.
Nəşr yazır ki, 73 yaşlı Putin iyirmi beş ildən çoxdur ölkəyə rəhbərlik edir, lakin həm daxili, həm də beynəlxalq müşahidəçilər onun siyasi ömrünün sona yaxınlaşdığını düşünür.
"Diktator menyusu": Putinin qarşısında qalan seçimlər
Opera müğənnisi, ictimai xadim və Rusiya Dövlət Dumasının sabiq deputatı Mariya Maksakovanın fikrincə, Putin hazırda "diktator menyusu" adlandırılan məhdud seçimlər qarşısındadır. Onun sözlərinə görə, Putin ictimai debat və açıq müzakirələrdən sistemli şəkildə yayınır, çünki belə mühitlərdə nə arqumenti, nə də intellektual üstünlüyü var.
Maksakova xatırladır ki, Putin gözlənilməz, "canlı auditoriya" ilə qarşılaşanda aqressiv və nəzarətsiz reaksiyalar verir. O, Putinin Qəzzafi, Hüseyn, Çauşesku və Miloşeviç kimi diktatorların aqibətindən dərin qorxu keçirdiyini, son illərdə isə görünüşünün və davranışlarının psixoloji gərginliyi açıq şəkildə əks etdirdiyini bildirir. Onun fikrincə, Putinin sonu "parlaq olmayacaq" və tarix bu cür rejimlərə fərqli final tanımayıb.
Çevriliş yox, bioloji sonluq? Qərb ekspertlərinin baxışı
"RAND Europe"-un Rusiya və Avrasiya üzrə proqram rəhbəri Con Kennedinin "Daily Mail"ə verdiyi müsahibədə səsləndirdiyi əsas tezis isə fərqlidir: Putinin hakimiyyətdən devrilməsi nə çevriliş, nə də kütləvi etirazlar yolu ilə baş verəcək.
Ekspert hesab edir ki, ən real ssenari Putinin postda olarkən təbii ölümüdür. Kennediyə görə, Putin illər ərzində tam loyal sistem qurub: dövlət, ordu və təhlükəsizlik strukturlarının başında yalnız ona bağlı şəxslər dayanır. Hətta Aleksey Navalnının ölümü belə ölkə miqyasında ciddi etirazlara səbəb olmadı. Bu isə sistemin nə qədər sərt nəzarət altında olduğunu göstərir.
Putindən sonrakı Rusiya: xaos və güc mübarizəsi riski
Ekspertlər razılaşır ki, Putinin hakimiyyətdən getməsindən sonra Rusiyanı sabit keçid yox, sürətli və xaotik daxili çəkişmələr gözləyir. Elitalar arasında nüfuz bölgüsü, regional narazılıqlar və xüsusilə müharibədən daha çox zərər çəkmiş yoxsul bölgələrdə gərginlik riski artacaq. Kennedi ehtimal edir ki, potensial təhlükə Moskva elitasından yox, regionlardan gələ bilər.
Çünki səfərbərliyə cəlb olunanların böyük hissəsi mərkəzi hakimiyyətə tarixən müqavimət göstərən ərazilərdəndir. Putin isə bu riskləri anlayaraq, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və şəxsi təhlükəsizliyinə obsesiv diqqət yetirir. Analitiklərin qənaəti birmənalıdır: Putinin dövrü bitir, lakin onun sonu sakit yox, Rusiyanı uzunmüddətli siyasi turbulensiyaya sürükləyən bir mərhələnin başlanğıcı ola bilər.