Slovakiya Sülh Şurasına qoşulmaq dəvətini qəbul etmədi
Dünya
183
17:39, Bu gün

Slovakiya Sülh Şurasına qoşulmaq dəvətini qəbul etmədi

Slovakiya hökuməti ABŞ Prezidenti Donald Trampın təklifi ilə yaradılan Sülh Şurasına qoşulmamaq qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.

"Slovakiya sabitliyi təşviq edən, üçüncü dünya müharibəsinin qarşısını almağa kömək edən və qaydalara zidd olmayan bütün sülh təşəbbüslərini dəstəkləyəcək", - deyə Slovakiya hökumətindən bildirilib.

Hökumət hesab edir ki, beynəlxalq hüquq sahəsində bütün yeni təşəbbüslər BMT Nizamnaməsinin üstünlüyü baxımından diqqətlə qiymətləndirilməlidir.

Slovakiya Nazirlər Kabineti, həmçinin vurğulayıb ki, imtinanın səbəblərindən biri ölkənin bir milyard dollarlıq ianəni ödəmək üçün maliyyə öhdəliklərini yerinə yetirə bilməməsidir.

Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.

Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər