İspaniyanın Milli Meteorologiya Agentliyi güclü qar, yağış və küləklə müşayiət olunan fırtına səbəbindən ölkənin əksər əyalətləri üçün əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Moderator.az TASS-a istinadən xəbər verir.
Meteorologiya agentliyinin saytında bildirildiyinə görə, krallığın qərbində və cənubunda bir sıra yaşayış məntəqələrində həyəcan səviyyəsi maksimal - qırmızı (həddindən artıq təhlükə) səviyyəyə qaldırılıb. Əlverişsiz hava şəraiti artıq onlarla yolda nəqliyyatın hərəkətinə təsir edib və hazırda bəziləri bağlıdır. Bundan əlavə, bəzi ərazilərdə dəmiryolu hərəkətində problemlər qeydə alınıb.
Fırtına səbəbindən bəzi yaşayış məntəqələrində dərslər ləğv edilib.
İspaniyanın paytaxtında da qar yağır. Madrid muxtar icmasında hökumət nümayəndə heyəti qar səbəbi ilə xüsusi mülki müdafiə planının birinci səviyyəsini aktivləşdirib.