Bizi sosial şəbəkələrdən izləyin:
"İran nümayəndələri son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla əlaqə saxlamayıb və danışıqlar tələb etməyiblər".
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Əlbəttə, vasitəçi kimi çıxış edən, bizimlə məsləhətləşən ölkələr var və onlarla əlaqə saxlayırıq", - deyə nazir bildirib.
Qeyd edək ki, yanvarın 21-də Uitkoff CNBC-yə bildirib ki, ABŞ İranla danışıqlar aparmır, lakin iki tərəf arasında əlaqə olub.
ABŞ rəsmisinin sözlərinə görə, Tehranla razılaşma əldə olunmasa, dünyanı çətin günlər gözləyir.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.