Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq haqqında qətnaməni rədd ediblər.
Moderator.az-ın məlumatına görə, bunu parlamentin saytında yayımlanan iclasın səsvermə nəticələri sübut edir.
"Zəruri sayda səs toplanmadı, qətnamə qəbul edilmədi", - palatanın spikeri Yael Bron-Pive bildirib.
Qətnaməni 267 deputat dəstəkləyib. Onun qəbul olunması üçün 577 səsdən ən azı 289-u lazım idi.
Qətnamə solçu "İtaətsiz Fransa" Partiyası tərəfindən təqdim olunmuşdu. Səbəb isə Lekornunun dövlət büdcəsi haqqında qanunun üçüncü və son hissəsini parlamentdə səsvermə olmadan, konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsasən hökumətin məsuliyyəti ilə qəbul etməsi idi. Partiyanın parlament fraksiyasının lideri Matilda Pano bildirib ki, qətnamə, ilk növbədə, fransızları misilsiz dərəcədə sərt büdcə qanunundan xilas etmək üçün təqdim olunub.
2026-cı il üçün hökumətin büdcə qanunu müdafiə sahəsi istisna olmaqla, bütün sahələrdə xərclərin azaldılmasını nəzərdə tutur. Müdafiə sahəsində isə əksinə, 6,7 milyard avro həcmində əlavə xərclərin artırılması planlaşdırılır.