"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusuna yoluxma halları ilə bağlı riskləri qiymətləndirmək üçün Hindistan səhiyyə orqanları ilə daim əlaqə saxlayır".
Moderator.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki nümayəndəsi Tarik Jazareviç "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, infeksiyanın daha böyük arealda yayılma ehtimalı azdır:
"Təşkilat ilkin yoluxma halları barədə məlumat aldıqdan dərhal sonra federal və regional səviyyələrdə Hindistan hakimiyyət orqanları ilə əməkdaşlıq edir. ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir. Hindistan bu cür yoluxmaların və virusun daha da artmasının qarşısını effektiv şəkildə almaq üçün lazımi imkan və resurslara malikdir".
Qeyd edək ki, həyati təhlükə yaradan Nipah virusuna yoluxmalar Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Orada təxminən 100 nəfərin karantində olduğu bildirilib. Hazırda yoluxanlar üçün heç bir xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.