Rusiyada FTX-yə internet və telefon xidmətlərini kəsmək hüququ veriləcək
Dünya
223
16:50, Bu gün

Rusiyada FTX-yə internet və telefon xidmətlərini kəsmək hüququ veriləcək

Yanvarın 27-də Rusiya Dövlət Duması telekommunikasiya operatorlarını Federal Təhlükəsizlik Xidmətinin (FTX) tələbi ilə internet və telefon xidmətlərini kəsməyə məcbur edən qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaq.

Moderator.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, sənəd sözügedən ölkənin Baş naziri Mixail Mişustin tərəfindən baxılmaq üçün Dumaya təqdim edilib.

Qanun layihəsində "Rabitə haqqında" Federal Qanunda telekommunikasiya operatorlarının öhdəliklərinə əlavə edilməsi üçün aşağıdakı iki dəyişiklik təklif olunur:

- Rusiya Federasiyası prezidentinin və hökumətinin normativ hüquqi aktları ilə müəyyən edilmiş hallarda Federal Təhlükəsizlik Xidməti qurumlarından müvafiq tələb alındıqda rabitə xidmətlərinin göstərilməsini dayandırmaq, vətəndaşları və dövləti yaranan təhlükə təhdidlərindən qorumaq;

- Öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi rabitə operatorunun Federal Təhlükəsizlik Xidmətinin tələblərinə riayət etməsi ilə əlaqədardırsa, operator buna görə rabitə xidməti müqaviləsi üzrə məsuliyyət daşımır.

Sənəd üçün izahlı qeyddə deyilir ki, qanun layihəsi FTX-nin işinin təmin edilməsinə və terrorizmə qarşı mübarizəyə yönəldiyindən tənzimləyici təsirin qiymətləndirilməsinə tabe deyil.

Sənədin müəllifləri qanun layihəsinin həyata keçirilməsinin əlavə dövlət xərclərinə səbəb olmayacağını vurğulayırlar.

Qeyd olunan dəyişikliklər sabit internet və telefon da daxil olmaqla bütün növ rabitəni xidmətlərini əhatə edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər