Bizi sosial şəbəkələrdən izləyin:
İsrail maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azaldılmasına hazırlıq məqsədilə ABŞ ilə yeni onillik hərbi yardım sazişi imzalamaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.
Xəbərə görə, 2028-ci ildə müddəti bitəcək hazırkı saziş Təl-Əvivə illik ən azı 4 milyard dollar ayrılmasını nəzərdə tutur. Hərbi qurumun baş maliyyə məsləhətçisi Qil Pinxasın sözlərinə görə, İsrail yaxın həftələrdə baş tutması gözlənilən danışıqlarda pul subsidiyalarına deyil, birgə hərbi və müdafiə layihələrinə üstünlük verməyə çalışacaq.
"Bu kontekstdə tərəfdaşlıq sırf maliyyə məsələsindən daha vacibdir. Pula bərabər olan bir çox şey var", - deyə o qeyd edib.
Qil Pinxas bildirib ki, Təl-Əviv hərbi sistemlərin inkişaf üzrə cari və gələcək birgə layihələri isə ayrıca müzakirə etməyi planlaşdırır.
Daha əvvəllər xəbər verildiyi kimi, Qəzzadakı müharibə səbəbindən təhlükəsizlik sahəsində yeni anlaşma memorandumu üzrə ABŞ ilə danışıqlar bir müddət təxirə salınıb.
İsrail tərəfinin təklifinə görə, yeni müqavilədə vəsaitlərin bir hissəsinin birbaşa hərbi yardıma deyil, birgə tədqiqat və inkişaf layihələri üçün istifadəsi mümkündür. Bu, müdafiə texnologiyalarına, müdafiədə süni intellektə və "Qızıl qübbə" raketdənmüdafiə layihəsinə təsir göstərə bilər.