Avropa ölkələrində hakimiyyət orqanları gündəlik tapşırıqları yerinə yetirmək üçün süni intellekt əsaslı sistemlərdən geniş istifadə edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Məlumata görə, dövlət qurumları əmək tələb edən sənədləşmə işlərini sürətləndirməyə kömək etdiyi üçün süni intellektlə işləyən dil modellərinin əsas istifadəçisinə çevriliblər.
Portalda Fransa ordusunun sənədlərin emalı, mətnlərin tərcüməsi və səsləri yazıya çevrilməsi üçün bu ölkənin "Mistral" şirkətinin generativ süni intellektindən istifadə etməyi planlaşdırması nümunə göstərilir.
Avropa Parlamenti də arxivlərə daxil olmaq üçün köməkçi kimi eyni xidmətdən istifadə edir.
Ötən ilin sonlarında aparılan bir araşdırma Avropa ölkələrində hakimiyyət orqanlarının işlərin icrası ilə bağlı 186 süni intellekt əsaslı sistemdən istifadə etdiyini ortaya çıxarıb.
Nəşrdə qeyd olunur ki, "Mistral"dan əlavə, Avropa hökumətləri ABŞ-nin "OpenAI" və "Anthopic" şirkətlərinin süni intellekt modellərindən də istifadə etmək niyyətindədirlər.
Estoniya və Belçikada hakimiyyət orqanları artıq "Microsoft"un süni intellektlə işləyən "Copilot" alətindən yararlanırlar.
Niderlanddakı Utrext Universitetindən olan bir mütəxəssis portal üçün şərhində dövlət qurumları tərəfindən istifadə edilən bir çox süni intellekt əsaslı sistemlərin sadəcə pulsuz çatbotlar olduğunu vurğulayıb. O bildirib ki, dövlət işçiləri rəsmi icazə olmadan belə neyron şəbəkələrindən istifadə edirlər.
Mütəxəssis əlavə edib ki, bu cür çatbotlardan alınan məlumatların keyfiyyəti çox vaxt şübhəlidir. Onun fikrincə, neyron şəbəkələrdə köhnəlmiş məlumatlar ola bilər.