Rusiyanın "Rostex" dövlət korporasiyası Samvel Karapetyanın şirkəti ilə tibbi məqsədlər üçün mərkəzləşdirilmiş laboratoriya xidmətinin yaradılması üzrə birgə layihədən birdəfəlik çıxıb.
Bu barədə Moderator.az "Kommersant" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, dövlət şirkəti "Taşir Medika" ilə tərəfdaşlıqda tibbi laboratoriyalar şəbəkəsi yaratmağı planlaşdırırdı, müqavilə 2021-ci ildə Sankt-Peterburq iqtisadi forumunda imzalanmışdı.
Layihəyə qoyulan investisiyaların həcmi açıqlanmamışdı. Bundan bir neçə il əvvəl isə "Rostex" oxşar layihə üzrə "Siemens"lə danışıqlar aparmış, lakin layihə reallaşdırılmamışdı.
Nəşrin məlumatına görə, "Rostex"in strukturu olan "RT Biznesin İnkişafı" MMC 2025-ci ilin sonunda "Mərkəzləşdirilmiş diaqnostika sistemləri" şirkətindəki 10% payını "Taşir Medika" şirkətinə verib. "Taşir Medika" hazırda bu şirkətin yeganə səhmdarıdır.
"Taşir Medika"nın saytında qeyd edildiyi kimi, "Mərkəzləşdirilmiş diaqnostika sistemləri" MMC Rusiya Federasiyasında yüksək texnologiyalı mərkəzləşdirilmiş klinik-diaqnostik laboratoriyalar şəbəkəsinin yaradılması üzrə operatordur.
Ehtimal edilirdi ki, birgə müəssisə Rusiyanın bir neçə bölgəsində laboratoriya tədqiqatlarını konsolidasiya edən federal operatora çevriləcək. Onun bazasında 5 il ərzində tibb mərkəzləri şəbəkəsinin yaradılması planlaşdırılırdı.