Çin ordusunda şok iddia: Nüvə məlumatları ABŞ-yə ötürülüb?
Dünya
404
16:30, Bu gün

Çin ordusunda şok iddia: Nüvə məlumatları ABŞ-yə ötürülüb?

Çinin ordu rəhbərliyində böyük qalmaqal yaşanır. 

Moderator.az xəbər verir ki, ölkənin ən nüfuzlu hərbçilərindən biri olan, ordunu idarə edən Mərkəzi Hərbi Komissiyanın (MHK) sədr müavini, ordu generalı Çanq Youşia (Zhang Youxia) barəsində aparılan istintaqda onun Çinin nüvə proqramına dair məxfi məlumatları ABŞ-a ötürdüyü iddia olunur.

WSJ: “Nüvə texniki məlumatlarını ABŞ-a sızdırıb”

Wall Street Journal qəzetinin məlumatına görə, ittihamlar bu məsələ ilə bağlı keçirilən və yüksək rütbəli hərbi komandanların iştirak etdiyi qapalı brifinqlərdə səsləndirilib. İddiaya əsasən, Çanq Çinin həm hərbi, həm də mülki nüvə proqramına dair texniki detalları ABŞ kəşfiyyatına ötürərək ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurub.

Bildirilir ki, bu iddialar Çinin nüvə proqramlarının icrasına cavabdeh olan Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş baş direktoru Qu Çunun (Gu Jun) barəsində aparılan istintaq zamanı əldə edilən sübutlar əsasında üzə çıxıb. Çin Kommunist Partiyasının Mərkəzi İntizam Təftiş Komissiyası 19 yanvar tarixində Qu Çunla bağlı rəsmi istintaq başladıldığını açıqlamışdı.

Keçmiş müdafiə nazirinin rüşvətlə təyin edildiyi iddiası

Digər tərəfdən, general Çanqın uzun illər rəhbərlik etdiyi Hərbi Avadanlıqların İnkişafı İdarəsində vəzifə təyinatları və yüksəlişlər qarşılığında rüşvət aldığı da iddia edilir. Məlumata görə, o cümlədən keçmiş müdafiə naziri Li Şanqfunun bu vəzifəyə böyük məbləğdə rüşvət qarşılığında gətirildiyi irəli sürülür.

Xatırladaq ki, Li Şanqfu 2023-cü ildə qəfil ictimaiyyətdən yoxa çıxmış, daha sonra vəzifəsindən uzaqlaşdırılmış və 2024-cü ildə barəsində korrupsiya istintaqı başlanmışdı. 

İddialara əsasən, Çanq sahib olduğu səlahiyyətlərdən sui-istifadə edərək ordu daxilində təsir şəbəkələri formalaşdırıb, siyasi qruplaşmalar yaradıb.

Baş Qərargah rəisi də istintaqa cəlb olunub

Məlumata görə, Çanqla yanaşı Baş Qərargah rəisi Liu Cınli də oxşar ittihamlarla istintaqa cəlb olunub. Hər iki generala yaxın olan bəzi zabitlərin mobil telefonlarının müsadirə edildiyi bildirilir.

Si Cinpinlə ailə dostluğu olan general

Çanq Youşia Çin Prezidenti Si Cinpinlə uzun illərə dayanan ailə dostluğu ilə tanınırdı və dövlət başçısına ordu daxilində ən yaxın şəxslərdən biri hesab olunurdu. Hər iki liderin ataları Mao Zedunqun rəhbərlik etdiyi kommunist hərəkatında mühüm rol oynamış şəxslər olub. Çanqın atası Çanq Conqşün Çin Xalq Azadlıq Ordusunun Şimal-Qərb Cəbhəsinin komandanı, Si Cinpinin atası Si Conqşün isə həmin ordunun siyasi komissarı olub.

75 yaşlı Çanq 2011-ci ildə ordu generalı rütbəsi alıb, 2012-ci ildə isə Si Cinpinin hakimiyyətə gəlməsindən sonra ordunun silahlanma və modernizasiya sahəsinə cavabdeh əsas qurumun rəhbərliyinə gətirilib. O, Si Cinpinin ordunun islahatı və modernləşdirilməsi strategiyasında əsas fiqurlardan biri sayılırdı.

Hazırda Çinin ən yüksək hərbi idarəetmə orqanı olan 7 nəfərlik Mərkəzi Hərbi Komissiyada iki sədr müavinindən biri olan Çanq, eyni zamanda Çin Kommunist Partiyasının 24 nəfərlik Siyasi Bürosunun üzvü idi.

Orduda korrupsiya dalğası davam edir

Son illərdə Çində silahlı qüvvələrdə korrupsiyaya qarşı aparılan genişmiqyaslı istintaqlar nəticəsində çox sayda yüksək rütbəli zabit vəzifədən uzaqlaşdırılıb, partiyadan xaric edilib və ya deputat mandatları ləğv olunub. 

2023-cü ildə nüvə silahları və uzaqmənzilli raketlərə cavabdeh olan Raket Qoşunları, 2024-cü ildə isə Hərbi Avadanlıqların İnkişafı İdarəsi istintaqların hədəfinə çevrilmişdi. Bu proseslər nəticəsində keçmiş müdafiə nazirləri Vey Fenqxe və Li Şanqfu ordudan və partiyadan qovulmuşdu.

Bundan başqa, Mərkəzi Hərbi Komissiyanın sədr müavini, ölkənin ikinci ən yüksək rütbəli hərbçisi He Veydonq və Siyasi İşlər İdarəsinin rəhbəri, admiral Miao Hua da aparılan istintaqlardan sonra partiya və ordudan xaric ediliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər