ABŞ-İran gərginliyi artır: İsrail ordusu yüksək hazırlıq rejiminə keçdi
Dünya
406
16:20, Bu gün

ABŞ-İran gərginliyi artır: İsrail ordusu yüksək hazırlıq rejiminə keçdi

ABŞ Prezidenti Donald Trampın İrana doğru hərəkət edən böyük Amerika hərbi donanmasının mövcudluğu ilə bağlı açıqlamasından sonra Yaxın Şərqdə gərginlik daha da artıb.

Moderator.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasına danışan İsrail ordusunun Şimal Cəbhəsi Komandanı, general-mayor Rafi Milo ABŞ-ın İrana mümkün hücumu ehtimalı fonunda İsrail ordusunun ciddi hazırlıq işləri gördüyünü bildirib.

“Amerikalıların hərbi yığınağını müşahidə edirik”

General Milo qeyd edib ki, ABŞ həm Fars körfəzində, həm də ümumilikdə Orta Şərq regionunda genişmiqyaslı hərbi yerdəyişmələr həyata keçirir.

“Bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini bilmirik. Əgər Vaşinqton Tehrana hücum edərsə, bunun İsrailə də təsiri ola bilər və İranın cavabı bizim üzərimizdən gələ bilər”, – deyə o vurğulayıb.

İsrailli general həmçinin “Hizbullah”ın mümkün genişmiqyaslı münaqişəyə qoşulub-qoşulmayacağının diqqətlə izlənildiyini bildirib:

“Son dərəcə ehtiyatlıyıq, həm müdafiə, həm də hücum baxımından tam hazırlıqdayıq”.

İsrail ordusu hazırlıq səviyyəsini yüksəldib

General Milo Türkiyə və Qətəri bölgədəki tarazlıqlar baxımından “ciddi problem” adlandırıb. Suriyadakı vəziyyətin isə “mürəkkəb və çətin” olduğunu deyən Milo, İsrail ordusunun Suriyanın cənubunda işğalı davam etdirdiyini və hücumların sürdüyünü bildirib.

İsrail Ordusunun sözçüsü Effi Defrin də sosial şəbəkə hesabında ABŞ-ın İrana mümkün hücumu ehtimalına işarə edərək, İsrail ordusunun bütün istiqamətlərdə mümkün ssenarilərə qarşı hazırlıq səviyyəsini artırdığını açıqlayıb.

“İsrail ABŞ-ın hücum planını bəyənmədi” iddiası

ABŞ-ın “Axios” nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Tramp ötən həftə Ağ Evdə keçirilən İran toplantısından əvvəl bu ölkəyə hücum əmri verməyə çox yaxın olub.

ABŞ-li bir rəsmi vəziyyətin ciddiliyini belə ifadə edib:

“Doğrudan da çox yaxın idi. Ordu dərhal hərəkətə keçməyə hazır idi. Amma o əmr verilmədi”.

Məlumata görə, toplantı öncəsi İsrail, Səudiyyə Ərəbistanı və İran tərəfi ilə aparılan diplomatik təmaslarda ABŞ-ın regional müttəfiqlərinin hücuma müsbət yanaşmadığı Trampa çatdırılıb.

Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahu Trampa İsrailin İranın mümkün cavabına hazır olmadığını və ABŞ-ın təklif etdiyi hücum planının kifayət qədər güclü olmadığını deyib. Eyni zamanda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın da bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə etdiyi qeyd olunub.

“Amerika donanması İrana doğru irəliləyir”

Prezident Donald Tramp ötən həftə Davosda keçirilən 56-cı Dünya İqtisadi Forumundan Vaşinqtona qayıdarkən verdiyi açıqlamada, “İrana doğru irəliləyən böyük bir Amerika donanması var” demişdi.

Tramp həmçinin İranı edamların davam etdirilməsi halında vurmaqla hədələdiyini və Tehran rəhbərliyinin bu addımdan geri çəkildiyini iddia edib. Onun söz açdığı donanmanın “Abraham Lincoln” aviadaşıyıcısı və üç esminesdən ibarət olduğu bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər