Dünya
203
25 Jan 2026 | 23:49

"Amerikalı alpinist Aleks Honnold "Taybey 101"-də rekord qırıb" - "The Guardian"

"Cəsur amerikalı Honnold 508 metr hündürlüyündəki "Taybey 101" göydələnini ip və qoruyucu avadanlıq olmadan fəth edib..."

Amerikalı alpinist və macəraçı Aleks Honnold yanvarın 25-də, bazar günü Tayvanın paytaxtında yerləşən 508 metrlik "Taybey 101" göydələninə heç bir ip, qoruyucu avadanlıq və ya kəmər olmadan qalxıb.

Moderator.az xəbər verir ki, bu barədə "mk.ru" nəşri yazıb.

Səhər saatlarında başlayaraq, o, metal şüalardan istifadə edərək qolları ilə dartınaraq mərtəbələri keçib. Göydələnin önündə toplaşan tamaşaçılar isə onun bu cəsarətli hərəkətini alqışlarla qarşılayıb. Honnold qalxma zamanı qırmızı qısaqol köynəkdə olub və müəyyən anlarda dayanaraq tamaşaçılara üzünü göstərib.

"The Guardian" yazır ki, bu tarixi "freesolo" (ip və qoruyucu avadanlıq olmadan təkbaşına qalxma) "Netflix" platformasında 10 saniyə gecikmə ilə canlı yayımlanıb. Əvvəlcə şənbə günü planlaşdırılan qalxma isə yağış səbəbindən bir gün sonraya təxirə salınıb. Zirvəyə qalxdıqdan sonra Honnold bildirib: "Nə gözəl mənzərə, inanılmaz bir gündü. Çox küləkli idi və zirvədən düşməmək üçün balansımı qorumağa çalışdım. "Taybey"in görünüşü isə möhtəşəm idi".

O həmçinin insanları ilhamlandırmaq məqsədindən danışaraq deyib: "Bəzən insanlar belə anları görüb öz məqsədlərinə doğru irəliləmək üçün həvəslənirlər. Bu, bizə xatırladır ki, vaxtımız məhduddur və onu ən yaxşı şəkildə istifadə etməliyik".

Qalxmağın təhlükəsi və texniki incəlikləri

508 metrlik göydələni "freesolo" rejimində qalxmaq böyük dəqiqlik və konsentrasiya tələb edirdi, hər hansı bir səhv dərhal ölümə səbəb ola bilərdi, - "Olympics" nəşri qeyd edib. Honnold səhər saat 9 radələrində qalmağa başlayıb və göydələni 1 saat 31 dəqiqə 43 saniyəyə fəth edib.

"The Guardian" yazır ki, Honnold göydələnin bir küncündə kiçik L-formalı ayaq dayaqlarından istifadə edərək yüksəlib və bəzən dekorativ konstruksiyaların üzərində manevr etməli olub. Bu cəsarətli hərəkət həm həyəcan, həm də etik narahatlıqlar doğurub.

Macəraçılıq və həyat fəlsəfəsi

Honnold dünyanın ən tanınmış "freesolo" alpinistlərindən biridir. O, hər hansı bir ip olmadan qalxmaları ilə məşhurdur və hər səhv ölüm riskini daşıyır. Honnold yeniyetmə yaşlarında dağa qalxmağa başlayıb, adi karyeradan imtina edərək illərlə karvanlarda yaşayaraq yalnız dağlara və məşqlərə həsr olunub.

2017-ci ildə Yosemiti Milli Parkında "El Capitan" üzərindəki Freerider marşrutuna ip olmadan qalxması Honnolda dünya şöhrəti qazandırıb. Bu qalxma əsasında çəkilmiş "Free Solo" sənədli filmi "Oskar" mükafatı alıb və Honnoldu idmandan kənarda da məşhurlaşdırıb.

Bundan əlavə, Aleks Honnold xeyriyyəçiliklə məşğuldur, bərpa olunan enerji layihələrinə dəstək verən fond yaradıb və riskdən çox, tam daxili sakitlik və nəzarətin onun üçün önəmli olduğunu vurğulayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər