Son günlər sosial mediada sürətlə yayılan bir pinqvin videosu qısa müddətdə qlobal maraq mərkəzinə çevrilib. Görüntülərin mənbəyi məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi Encounters at the End of the World adlı sənədli filmində yer alan bir səhnədir.
Moderator.az xəbər verir ki, videoda qidalanmaq üçün okeana doğru yönələn Adeli pinqvinlərindən ibarət koloniyadan bir pinqvinin ayrılaraq tam əks istiqamətə doğru yeridiyi görünür. Sözügedən pinqvinin qida və suyun olmadığı daxili ərazilərə və dağlıq bölgələrə doğru irəliləməsi diqqət çəkir. İllər əvvəl lentə alınmış bu səhnə son günlər yenidən dövriyyəyə girərək sosial mediada geniş rezonans doğurdu.
Sənədli filmdə Verner Hersoq bu səhnəni yolunu itirmiş bir pinqvin nümunəsi kimi şərh edir. Mütəxəssislərə görə pinqvinin seçdiyi marşrut yaşamaq ehtimalının demək olar ki, olmadığı bir səyahətə işarə edir.
Ancaq görüntülərin illər sonra yenidən sosial mediada yayılması ilə mənası da dəyişdi. Bir çox istifadəçi pinqvinin təkbaşına yürüyüşünü tükənmişliyin, daxili qopuşun, məna axtarışının və ya hər şeyi arxada qoyub getmək istəyinin simvolu kimi dəyərləndirdi. Bu yanaşma videonun “Nihilist Pinqvin” adı ilə tanınmasına səbəb oldu.
“Nihilist Pinqvin” videosunun altına tez-tez əlavə olunan “but why?” (bəs niyə?) sualı klipin niyə bu qədər güclü təsir yaratdığını da ümumiləşdirir. Sürüdən ayrılıb yolunu itirən pinqvin, izləyənlərin gözündə artıq sadəcə bir heyvan deyil; niyə işlədiyini, hara getdiyini və niyə davam etdiyini sorğulayan müasir insanın əksinə çevrilir. Sosial mediada bu iki söz tükənmişlik hissinin, daxili qopuşun və “hər şeyi arxada qoyub getmək” istəyinin ortaq dili kimi dövriyyəyə girir.
