Dünya
266
25 Jan 2026 | 23:14

"Çində dövlət çevrilişinə cəhd edilib: ordu daxilində misli görünməmiş təmizləmə aparılır" - "The Wall Street Journal"

"Generalların həbsi Pekində hakimiyyət daxilində dərin çatları üzə çıxarıb..."

Çində yüksək rütbəli generalların həbsi ilə nəticələnən genişmiqyaslı hərbi təmizləmələr ölkə daxilində mümkün çevriliş cəhdi ilə bağlı iddiaları gücləndirib. 

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri məlumat yayıb.

Rəsmi Pekin prosesi "intizam və qanun pozuntuları" ilə izah etsə də, bir sıra müstəqil mənbələr və analitiklər baş verənləri Kommunist Partiyası və ordu daxilində ciddi böhran kimi qiymətləndirir.

Nəşrin yazdığına görə, yanvarın 24-də Çin Xalq Respublikasının Milli Müdafiə Nazirliyi Mərkəzi Hərbi Şuranın sədr müavini general-polkovnik Çjan Yusya və Birləşmiş Qərargah rəisi general-polkovnik Lyu Çjenlinin barəsində istintaqa başlanıldığını açıqlayıb. Onlar "partiya intizamının və dövlət qanunlarının ciddi şəkildə pozulmasında" ittiham olunur.

Si Tszinpin üçün təhlükə qorxusu və orduda fövqəladə rejim

Mənbələrin bildirdiyinə görə, Çjan Yusyanın həbsindən sonra Çin lideri Si Tszinpin ona sadiq zabitlərin ordunu qaldıraraq Pekinə doğru hərəkət edə biləcəyindən ehtiyatlanıb. Bu səbəbdən hərbi hissələrə yerləşdikləri əraziləri tərk etməmək əmri verilib, qoşunların ölkə daxilində hərəkəti faktiki olaraq dondurulub.

Bildirilir ki, Xalq Azadlıq Ordusunun bütün bölmələri birinci səviyyəli döyüş hazırlığı vəziyyətinə gətirilib, hərbçilərdən mobil telefonlar yığılıb, xarici əlaqələr ciddi şəkildə məhdudlaşdırılıb və hissələrdə intensiv siyasi ideoloji təlimlərə başlanılıb.

"Bu, antikorrupsiya yox, daxili partlayışdır"

Çinin Daxili Monqolustan bölgəsindən olan sabiq məmur Du Ven baş verənləri adi antikorrupsiya kampaniyası deyil, "ordu daxilində daxili partlayış" adlandırıb. Onun sözlərinə görə, Çjan Yusya silahlı qüvvələrdə ikinci ən nüfuzlu fiqur sayılırdı və şəxsi himayəsi ilə mindən artıq general irəli çəkilmişdi. Bu isə həbslərin zəncirvari reaksiyaya səbəb ola biləcəyi ehtimalını artırır.

Çinli müxalif fəal Van Dan isə diqqətə çatdırıb ki, Çjan Yusya Si Tszinpinin uşaqlıq dostu olub və onun həbsi hakimiyyətin artıq ən yaxın çevrəyə belə etibar etmədiyini göstərir. O, orduda yaranmış atmosferi "stalinizm dövrünə xas ümumi qorxu mühiti" ilə müqayisə edib.

Beynəlxalq rezonans və tarixi paralellər

Aparıcı beynəlxalq media qurumları Çində baş verənləri ölkənin müasir tarixində görünməmiş miqyasda hərbi təmizləmə kimi dəyərləndirib. "Bloomberg" qeyd edib ki, həbslərdən sonra silahlı qüvvələrin ali rəhbərliyində cəmi bir neçə əsas fiqur qalıb.

Bir sıra xarici analitiklər vəziyyəti Mao dövründə baş verən Lin Byao insidenti və Van Litszünün ABŞ konsulluğuna sığınması ilə müqayisə edir. Həmin hadisələr də vaxtilə Çində hakimiyyət daxilində kəskin dəyişikliklərin xəbərçisi olmuşdu.

Analitiklərin fikrincə, formal olaraq Si Tszinpin hələ də tam nəzarəti saxlayır, lakin orduda baş verənlər hərbi elita daxilində dərin parçalanmanı və idarəetmə sistemində ciddi qeyri-sabitliyi üzə çıxarıb. Bu böhranın real nəticələrinin yaxın dövrdə özünü göstərməsi istisna edilmir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər