Dünya
626
25 Jan 2026 | 22:23

"Donbas Rusiyaya verilməyəcək, kompromis olmalıdır" -  Zelenski

"Donbas məsələsi sülh danışıqlarının əsas maneəsi olaraq qalır..."

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi heç bir halda Donbası Rusiyaya verməyəcək, lakin müharibəni bitirmək üçün kompromis variantları müzakirə etməyə hazırdır.

Moderator.az xəbər verir ki, o, bu barədə Əbu-Dabidə keçirilən danışıqların yekunları ilə bağlı mətbuat konfransında danışıb. Məlumatı "nv.ua" nəşri yayıb.

"Mənim ərazilərimizlə bağlı mövqeyim dəyişməzdir", - Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, ABŞ-ın Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd artıq tam hazırdır. Yalnız imza və ratifikasiya mərhələsi qalıb.

Zelenski hesab edir ki, məhz bu zəmanətlər müharibənin başa çatacağı konkret tarixləri müəyyən edə bilər. "Konkret təhlükəsizlik zəmanətləri bu müharibənin konkret bitmə tarixlərini verir. Sənəd yüz faiz hazırdır. Biz tərəfdaşlardan imza üçün tarix və məkanla bağlı siqnal gözləyirik", - o bildirib.

Donbas danışıqların əsas düyün nöqtəsi olaraq qalır

Medianın yazdığına görə, BƏƏ-də keçirilən üçtərəfli  Ukrayna, ABŞ və Rusiya danışıqlarında əsas mübahisə mövzusu Donbasın gələcək taleyi olub. Kreml Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin də Rusiyaya verilməsini müharibənin bitməsi üçün əsas şərt kimi irəli sürür.

Moskva "Ankoric formulu" adlandırılan planı təşviq edir. Bu plan Donbas üzərində
Rusiyanın tam nəzarətini və cəbhənin digər istiqamətlərdə dondurulmasını nəzərdə tutur. Kiyev isə bu tələbi qəti şəkildə rədd edir.

"The New York Times" nəşrinin yazdığına görə, alternativ ssenari kimi Donetsk vilayətinin bir hissəsində neytral sülhməramlı qüvvələrin yerləşdirilməsi və ya demilitarizasiya zonası yaradılması da müzakirə olunur. Lakin Rusiya tərəfi Tramp və Putin arasında Alyaskada əldə edildiyi iddia olunan razılaşmalardan kənar hər hansı modeli qəbul etmir. 

Zaporojye AES üzrə razılaşma yoxdur

Danışıqların digər mühüm mövzularından biri Zaporojye Atom Elektrik Stansiyası olub. "Politico" nəşrinin məlumatına görə, Rusiya tərəfi stansiyada istehsal olunan elektrik enerjisinin Ukrayna və Rusiya arasında bölüşdürülməsi ideyasını irəli sürüb. Lakin bu məsələ üzrə razılaşma əldə olunmayıb.

Ukrayna birgə idarəetməyə qəti şəkildə qarşı çıxır, çünki bu, faktiki olaraq stansiya üzərində Rusiya nəzarətinin legitimləşdirilməsi anlamına gəlir. ABŞ isə Zaporojye AES-i potensial iqtisadi rıçaq kimi nəzərdən keçirir.

Məlumata görə, Rusiya ordusu hazırda stansiya ərazisindən hərbi texnika və pilotsuz uçuş aparatlarının hazırlanması üçün istifadə edir. Stansiyanın statusu isə sülh danışıqlarında əsas kartlardan biri olaraq qalır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər