"ABŞ-la rüsumsuz ticarət sazişi Ukraynanın Aİ-yə üzvlük prosesini çətinləşdirə bilər..."
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə azad, rüsumsuz ticarət rejimi yaratmağı təklif edir.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşrin yazdığına görə, bu təşəbbüs şüurlu və ya şüursuz şəkildə Kiyev üçün qəbuledilməz nəticələr doğura və Ukraynanın Avropa İttifaqına üzvlük perspektivlərini təhlükə altına qoya bilər.
Böyük Britaniyanın xarici ticarət siyasətində uzun illər yüksək vəzifələrdə çalışmış Krouford Falkoner bildirir ki, ABŞ-Ukrayna arasında müharibədən sonra "rüsumsuz zona"nın yaradılması qısa müddətdə Ukraynanın bərpasına fayda verə bilər. Bu halda Amerika şirkətləri istehsalı Ukraynada quraraq məhsullarını ABŞ bazarına maneəsiz çıxarma imkanı əldə edərdi.
Azad ticarət ideyası və Avtopa İttifaqı ilə ziddiyyət
Falkonerin fikrincə, məhz bu model Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə birbaşa ziddiyyət təşkil edir. Çünki Aİ-yə üzv olan ölkələr üçün əsas şərtlərdən biri üçüncü ölkələrlə ticarət siyasətinin Brüsselin nəzarətinə verilməsidir.
Ekspert vurğulayır ki, Ukraynanın Aİ-yə qoşulması halında ABŞ-la ayrıca azad ticarət sazişi bağlaması faktiki olaraq mümkün olmayacaq. Səbəb isə Avropa İttifaqının vahid xarici tarif sisteminə malik olması və bu tariflərin Avropa Komissiyası tərəfindən müəyyən edilməsidir. Onun sözlərinə görə, bu sxemin tam işləməsi yalnız Aİ-nin ABŞ-la ayrıca azad ticarət razılaşması imzalaması ilə mümkün ola bilər ki, bu da real görünmür.
Siyasi siqnal, yoxsa uzun yol
Məqalədə qeyd olunur ki, Avropa Komissiyası Ukraynanın sülh razılaşması çərçivəsində Aİ-yə məhdud üzvlüyü ideyasını müzakirə edir. Bu modelə əsasən, Ukrayna ilkin mərhələdə tam hüquqlar olmadan Birliyə qoşula, daha sonra isə üzvlük meyarlarını yerinə yetirdikcə bu hüquqları mərhələli şəkildə əldə edə bilər.
Bu yanaşma müharibədən sonrakı dövrdə Ukrayna üçün siyasi dəstək və sabitlik mesajı kimi qiymətləndirilir. Bununla yanaşı, ideya ciddi skeptisizmlə qarşılanır. Çünki bu modelin həyata keçməsi üçün Aİ-nin bütün 27 üzv ölkəsinin razılığı tələb olunur və bu, digər namizəd ölkələr üçün presedent yarada bilər.
Niderlandın baş naziri Dik Sxof da bildirib ki, Ukraynanın gələcəkdə Aİ-yə üzv olacağına şübhə yoxdur, lakin sürətli üzvlük real deyil və bu proses illər çəkə bilər. Onun sözlərinə görə, genişlənmə prosesi balanslı və ədalətli aparılmalıdır ki, Avropa İttifaqının daxili sabitliyi pozulmasın.