"Ukraynalılar iradə, ruh və azadlıq istəyi baxımından daha güclüdür..."
Ukrayna prezidenti Vladimir Zelenskinin Davos Dünya İqtisadi Forumundakı çıxışı dörd ildir davam edən müharibə fonunda növbəti mühüm siyasi mesaj oldu.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının birləşmiş diasporu" Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.
Davos mesajı: Ukrayna tək deyil
Müəllif yazır ki, prezident Zelenski beynəlxalq auditoriya qarşısında təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın gələcəyinə dair suallar qoyub: müharibə şəraitində Avropa real gücə çevrilə biləcəkmi və ABŞ-ın dəstəyi niyə bu qədər həlledicidir?
Zelenski Avropanın öz müdafiəsinə yanaşmasının dəyişmədiyini vurğulayıb və bunu "Marmot günü" metaforası ilə izah edib - eyni tərəddüd, eyni yarımçıq qərarlar. O, açıq şəkildə bildirib ki, Ukrayna güclü Avropanın bir hissəsi olmağa hazırdır, amma Avropa da danışmaqla kifayətlənmədiyini sübut etməlidir. Bu çıxış ikitərəfli görüşlərlə, o cümlədən ABŞ prezidenti Donald Trampla "məhsuldar və məzmunlu" adlandırılan danışıqlarla müşayiət olunub.
Tənqid, azadlıq və demokratiya
Zelenskinin çıxışı beynəlxalq aləmdə əsasən müsbət qarşılanıb. Qərbli analitiklər Ukrayna liderinin açıq və cəsarətli mövqeyini xüsusi qeyd ediblər. O, Ukraynanın təkcə öz ərazisi üçün deyil, Avropanı və azad dünyanı birləşdirən demokratik dəyərlər uğrunda mübarizə apardığını açıq deyib.
Eyni zamanda tənqid də olub və bu, zəiflik yox, gücdür. Söz və fikir azadlığı Ukraynanı avtoritar rejimlərdən fərqləndirir. Rusiyada fərqli fikirlər tarixən boğulub, Ukraynada isə açıq müzakirə, tənqid və debat demokratik yolun ayrılmaz hissəsidir. Məhz bu azadlıq Ukraynanı real Avropa demokratiyasına çevirir və beynəlxalq hörmət qazandırır.
Sadə sual və sadə cavab
Ən əsas məntiqi sual budur: Ukrayna artıq dörd ilə yaxındır nəhəng nüvə dövləti ilə - Belarusdan Şimali Koreyaya, Çindən tutmuş digər müttəfiqlərə qədər dəstək alan bir təcavüzkara qarşı müharibə aparır. Əgər ölkə doğrudan da "pis idarə olunursa", bəs niyə Rusiya Kiyevi bir neçə günə ələ keçirə bilməyib?
Cavab sadədir - bacarmayıb. Çünki ukraynalılar iradə, ruh və azadlıq istəyi baxımından daha güclü çıxdılar. Problemlər var, korrupsiya var, amma mübarizə də var və bu mübarizə açıq aparılır. Müharibə zamanı siyasi oyunlar ölkəni zəiflədir. Əvvəl qələbə, sonra isə sakit, təhlükəsiz şəraitdə azad və demokratik seçkilər.
Zelenskinin Davosdakı çıxışı dəstək çağırışı ilə yanaşı, azadlıq, seçim və məsuliyyət haqqında mesaj idi. Əgər bu sözlər tənqid doğurursa, deməli Ukraynada demokratiya işləyir və bu, bizim ən güclü silahımızdır.