Dünya
106
12:55, Bu gün

"Rusiyanın Ukraynaya gecə hücumu: Kiyev, Xarkov və Çerniqov ağır zərbə altında" - Ukrayna KİV-ləri

"Ukraynanın enerji infrastrukturuna zərbələr endirilib, dinc əhali yenə hədəfdədir..."

Yanvarın 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Enerji və nəqliyyat infrastrukturu hədəfdə

Məlumatda deyilir ki, əsas zərbə Kiyev və ətrafına yönəlib. Paytaxtda enerji obyektlərinə dəyən zərbələr nəticəsində elektrik, istilik və su təchizatında ciddi problemlər yaranıb. Təxminən 6 minə yaxın ev istiliksiz qalıb, metro xətləri isə məhdud rejimdə işləyir. Yaşıl xəttdə qatarlar yalnız ayrı-ayrı sahələr üzrə hərəkət edir, bir neçə stansiya müvəqqəti bağlanıb. Şəhərin beş rayonunda dağıntılar qeydə alınıb, bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Xarkovda yaşayış məhəllələri vurulub

Xarkovda hücumlar əsasən yaşayış binalarına yönəlib. Şəhər rəhbərliyinin məlumatına görə, iki rayon dronlarla vurulub, çoxmərtəbəli binalarda yanğınlar baş verib, köçkünlərin yaşadığı yataqxana, xəstəxana və doğum evi zərər görüb. Ümumilikdə 19 nəfər yaralanıb, onların arasında hamilə qadın və uşaq da var. Mer İqor Terexov baş verənləri "dinc şəhərə, sadəcə yaşayan insanlara qarşı şüurlu zərbə" adlandırıb.

HHM döyüşü və Zelenskinin çağırışı

Ukrayna Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə yüzlərlə hava hücum vasitəsi - raketlər və dronlar buraxılıb. HHM qüvvələri hədəflərin böyük hissəsini zərərsizləşdirsə də, bəzi raket və dronların düşməsi nəticəsində dağıntıların qarşısını almaq mümkün olmayıb. 

Prezident Vladimir Zelenski bildirib ki, əsas hədəf enerji infrastrukturu olub və tərəfdaşlardan HHM sistemləri üzrə dəstəyin artırılmasını istəyib. Onun sözlərinə görə, "hər bir HHM raketi insanların qışın soyuğunu daha az hiss etməsi deməkdir".

Gecə hücumlarının nəticələri təkcə Kiyev və Xarkovla məhdudlaşmayıb: Çerniqovda enerji obyektlərinə zərbələrdən sonra şəhərin demək olar ki, tamamı işıqsız qalıb, elektrik nəqliyyatı dayandırılıb. Ukrayna hakimiyyəti bərpa işlərinin davam etdiyini, lakin təhlükəsizlik səbəbilə prosesin vaxt apara biləcəyini bildirir.

Beləliklə, bu günlər Ukraynada müharibəyə son qoyulması və atəşkəslə bağlı intensiv danışıqlar fonunda işğalçı Rusiya Ukraynanın mülki əhalisinə, enerji infrastrukturuna qarşı terroru davam etdirir, ölkəni özünə tam təslim etməyi hədəfləyir. Belə bir şəraitdə Avropa İttifaqı və NATO Ukraynaya hərtərəfli yardım göstərməlidir. Ukrayna təkcə özünü deyil, Avropanı da Putinin təcavüzündən qorumaqdadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər