Xərçəngin 30%-nin qarşısını almaq mümkündür: Rusiyalı həkimdən vacib açıqlamalar
Dünya
44
08:13, Bu gün

Xərçəngin 30%-nin qarşısını almaq mümkündür: Rusiyalı həkimdən vacib açıqlamalar

"Xərçəng hallarının təxminən 30%-i həyat tərzi amilləri ilə əlaqələndirilir və onların qarşısını almaq mümkündür. Mütəmadi fiziki fəaliyyət, siqaretdən imtina və çəkinin idarə olunması xərçəngə tutulma riskini orta hesabla 25-30% azaldır. Bu müsbət təsir hətta yetkinlik yaşına çatdıqdan sonra və genetik riski yüksək olan insanlarda da davam edir".

Moderator.az xəbər verir ki, bunu rusiyalı həkim Lyudmila Morozova "İzvestiya"ya açıqlamasında deyib.

Hazırda geniş yayılmış fikrə görə, ağır stres və ya psixoloji travma xərçəngin birbaşa səbəbi ola bilər. Lakin sübutlara əsaslanan tibb bu əlaqəni təsdiqləmir.

"Bu günə qədər streslə xərçəngin inkişafı arasında birbaşa səbəb-nəticə əlaqəsi müəyyən edilməyib. Bununla belə, uzunmüddətli və həddindən artıq gərginlik sağlamlığa dolayı təsir göstərə bilər: yuxu rejimini pozur, immun sistemini zəiflədir, çəki artımına və sağlam olmayan vərdişlərin formalaşmasına səbəb olur. Bütün bunlar birlikdə orqanizm üçün ümumi riskləri artırır", - deyə həkim bildirib.

Xərçəngdən qoruduğu iddia edilən "möcüzəvi müalicələr" və pəhriz əlavələri ilə bağlı miflər də hələ də aktuallığını qoruyur.

Mütəxəssisin sözlərinə görə, hazırda xərçəngin qarşısının alınmasında sübut olunmuş profilaktik təsiri olan heç bir məhsul və ya əlavə mövcud deyil. Bu cür iddialar əsasən marketinq xarakteri daşıyır.

Həkim həmçinin məişət amilləri - plastik məmulatlar, məişət kimyəvi vasitələri, "Wi-Fi" və elektromaqnit şüalanması ilə bağlı narahatlıqlara da münasibət bildirib:

"Bu qorxuların əksəriyyəti həddindən artıq şişirdilir. ‘Wi-Fi" ionlaşdırmayan şüalanmadan istifadə edir və DNT-yə zərər vermir. Məişət kimyəvi maddələri isə istifadə qaydalarına əməl edildikdə əhəmiyyətli xərçəng riski yaratmır".

Onkoloq qeyd edib ki, gündəlik həyatda real təhlükə yaradan digər amillər də var. Bunlara tütün tüstüsü, zəif havalandırılan məkanlarda radon qazı və qida qablarının mikrodalğalı sobada qızdırılması daxildir.

Həkimin sözlərinə görə, xərçəngin qarşısının alınması radikal tədbirlər tələb etmir, lakin ardıcıl yanaşma vacibdir:

"İlk və ən mühüm addım elektron siqaretlər də daxil olmaqla, siqaretdən tam imtina etməkdir. İkinci addım isə müntəzəm fiziki fəaliyyət, çəkiyə nəzarət, daha çox meyvə və tərəvəz qəbulu, eləcə də düzgün qidalanma vərdişlərinin formalaşdırılmasıdır".

Mütəxəssislər profilaktikanın vacib elementi kimi müntəzəm tibbi müayinələri də tövsiyə edirlər. Erkən diaqnoz xərçəngdən ölüm hallarının azaldılmasında ən təsirli vasitələrdən biri olaraq qalır.

 

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər