"Yaddaş zamanla azalır, amma xatırlanan həqiqət dəyişmir..."
İsrailli və amerikalı alimlərin son araşdırmaları göstərir ki, insan yaddaşı düşündüyümüzdən daha selektiv və "sərt qaydalarla" işləyir.
Moderator.az xəbər verir ki, bu barədə "newsru.co" nəşri yazıb.
Xatirələr "ya hamısı, ya heç nə" prinsipi ilə saxlanılır
Nəşr yazır ki, zaman keçdikcə xatirələrin sayı azalsa da, beyində qalan yaddaş epizodları öz məntiqini, sübutlarını və daxili ardıcıllığını demək olar ki, tam qoruyur. Ben-Qurion Universitetinin alimlərinin "Communications Psychology" jurnalında dərc olunan tədqiqatına görə, beyin xatirələri tədricən "solğunlaşdırmır".
Əgər hansısa hadisə yaddaşda qalırsa, onun reallığını təsdiqləyən arqumentlər də demək olar ki, tam şəkildə saxlanılır. Əgər epizod xatırlanmırsa, o zaman onunla bağlı bütün izah və sübutlar da birlikdə yox olur. 4 mindən çox yazılı hesabatın təhlili göstərib ki, dilin zənginliyi, arqumentlərin məntiqi ardıcıllığı və izahın strukturu yaddaşın etibarlılığını subyektiv "özümə inanıram" hissindən daha dəqiq göstərir.
Hadisədən bir gün sonra xatırlanan məlumatların sayı azalsa da, xatırlanan epizodların izah keyfiyyəti demək olar ki, dəyişməyib. Yeganə fərq ondan ibarət olub ki, iştirakçılar "məncə", "elə bil ki" kimi qeyri-müəyyən ifadələrdən daha çox istifadə ediblər. Tədqiqat müəlliflərindən Zohar Raz-Qroman vurğulayır ki, "zaman yaddaşa çıxışı məhdudlaşdıra bilər, amma xatırlanan epizodların izah keyfiyyətini zəiflətmir".
Beyin xatirələri necə qoruyur?
"Live Science" nəşrinin yazdığına görə, Cənubi Kaliforniya Universitetindən Don Arnold xatirələrin qorunmasının neyronlararası əlaqələrlə birbaşa bağlı olduğunu bildirir. Onun sözlərinə görə, hər yeni məlumat beyindəki sinir hüceyrələri arasındakı sinapsları dəyişir və bu dəyişikliklər yaddaşın əsas mexanizmini təşkil edir.
Xatirələr neyron zəncirlərində kodlanır. Bir neyron digərini nə qədər tez-tez stimullaşdırırsa, aralarındakı əlaqə bir o qədər möhkəmlənir. Bu da həmin xatirənin gələcəkdə daha asan xatırlanmasına şərait yaradır. Yaddaşın formalaşmasında əsas rol oynayan hissə isə hippokampdır - məhz burada qısamüddətli yaddaş uzunmüddətli yaddaşa çevrilir.
Alimlər qeyd edir ki, istər müsbət, istərsə də mənfi emosiyalar yaddaşın güclənməsində həlledici rol oynayır. Güclü emosional təcrübələr kimyəvi reaksiyalar vasitəsilə neyron əlaqələrini möhkəmləndirir və bu da xatirələrin daha davamlı olmasına səbəb olur.
Yaddaş zəifləmirsə, sübutu da zəifləmir
Araşdırmalar göstərir ki, insan yaddaşı sadələşdirilmir və "bulanıqlaşmır". Xatirə ya bütün məntiqi və sübutları ilə birlikdə xatırlanır, ya da tamamilə silinir. Bu yanaşma xüsusilə məhkəmə və istintaq praktikası üçün vacibdir: zaman keçsə belə, detallı və strukturlaşdırılmış ifadə etibarlı mənbə olaraq qalır, şəxsi inamın dərəcəsi isə ikinci plandadır.