Dünya
151
22 Jan 2026 | 23:50

"Hindistanda vəhşi fil kabusu: on günə 20-dən çox insan həyatını itirib" - BBC

"Hormonal "must" dövrünə girən erkək fil kəndləri gecələr ölüm zonasına çevirib..."

Hindistanın şərqində, Carkhand ştatında nəzarətdən çıxan vəhşi filin hücumları kütləvi faciəyə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Məlumatda deyilir ki, cəmi on gün ərzində ən azı 22 nəfər, o cümlədən uşaqlar həyatını itirib. Hakimiyyət orqanları isə vəziyyəti tam nəzarət altına ala bilmədiklərini etiraf edir.

Gecələr ölüm gəlir

Faciələr yanvarın 1-dən 10-dək Çaybasa və Kolhan meşəliklərində, Qərbi Sinqxbhum dairəsində qeydə alınıb. Bu ərazilər Asiyanın ən böyük kənd-meşə massivlərindən birinə daxildir. Məhz gecə saatlarında baş verən hücumlar insan tələfatını artırıb - kənd sakinləri düyü ehtiyatlarını qorumaq üçün tarlalarda və anbarların yanında gecələyirmiş.

Həlak olanlar arasında evinə qayıdarkən filin hücumuna məruz qalan 34 yaşlı Manqal Sinqh Hembra, öz tarlasında öldürülən 62 yaşlı Urdub Bahoda, eləcə də evinin yanında yatarkən həyatını itirən 42 yaşlı Vişnu Sundi var. Yanvarın 5-də isə fil bir ailəni tamamilə məhv edib: Kундра Bahoda və onun 6 və 8 yaşlı iki övladı öldürülüb.

Hakimiyyətin səhvləri və nəzarətin itirilməsi

Meşə xidmətinin məlumatına görə, filin tutulması və sakitləşdirilməsi zamanı bir sıra ciddi səhvlərə yol verilib. Heyvan qısa müddətə qonşu Odişa ştatına sıxışdırılsa da, təhlükəsizlik bəhanəsi ilə geri qaytarılıb. Bundan sonra hücumlar daha da intensivləşib. Əraziyə 100-dən çox meşə mühafizəçisi və xüsusi briqadalar cəlb edilib. 

Lakin əməliyyat zamanı bir mütəxəssis fil tərəfindən ağır yaralanaraq həyatını itirib. Meşə departamentinin rəhbəri Kuldip Mina vəziyyəti "misilsiz" adlandıraraq bildirib ki, bölgə tam fövqəladə rejimə keçirilib və əsas məqsəd filin sağ-salamat tutulub yenidən vəhşi təbiətə qaytarılmasıdır.

"Must" - filin təhlükəli hormonal dövrü

Mütəxəssislər filin aqressiyasını onun "must" adlanan hormonal vəziyyəti ilə izah edirlər. Bu dövrdə erkək fillərdə testosteron səviyyəsi normadan onlarla dəfə yüksəlir, heyvan nə insanı, nə də öz növünü tanıyır. Bioloqlar bildirir ki, bu, xəstəlik deyil, lakin fili son dərəcə təhlükəli edir.

"Must" zamanı filin gicgah vəzilərindən kəskin qoxulu maye ifraz olunur, güclü şişkinlik və daimi ağrı yaranır. Bu vəziyyət 15-20 gün, bəzən isə 30-45 gün davam edə bilər. Yerli hakimiyyət xəbərdarlıq edir ki, təhlükə hələ bir neçə həftə qala bilər və sakinlərə gecələr evdən çıxmamaq, açıq havada yatmamaq tövsiyə olunur.

Hazırda filin meşədə tək dolaşdığı ehtimal edilir. Rəsmilər hesab edir ki, onu mümkün qədər tez tapıb sürüyə qaytarmaq həm insanlar, həm də heyvan üçün yeganə çıxış yoludur.

Link kopyalandı!
Son xəbərlər