ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra hesablarının bağlanması ilə əlaqədar olaraq ən böyük Amerika banklarından biri olan "JPMorgan Chase" və bankın icraçı direktoru Ceymi Daymon barəsində 5 milyard dollar məbləğində məhkəmə iddiası qaldırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Fox Business" telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bankı hesabların siyasi motivlərlə bloklanmasında ittiham edir. İddia Florida ştatı məhkəməsinə prezidentin özü və hotel biznesi sahəsində fəaliyyət göstərən bir neçə şirkətin adından təqdim olunub. İddia ərizəsində bankın öz etik kodeksini pozduğu bildirilir.
Sənəddə qeyd olunur ki, "JPMorgan Chase" bu prinsiplərə sadiqliyini bəyan etsə də, onları birtərəfli qaydada, xəbərdarlıq etmədən və vəziyyəti düzəltmək imkanı vermədən pozub.
İddiada həmçinin bank və onun rəhbəri Ceymi Daymon “qanunsuz və əsassız” şəkildə məxfi məlumatların, o cümlədən prezident Donald Trampın adının digər maliyyə qurumları üçün əlçatan olan qara siyahıda açıqlanmasında ittiham olunur.