Rusiya məhkəməsi Ukrayna Ordusunun raketlə vurduğu "Moskva" kreyserində ölənlərin sayını açıqlayıb.
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi gəmisinin batması işi üzrə 2-ci Qərb Dairəsi Hərbi Məhkəməsinin qiyabi hökmündə məlumat verilib.
Qeyd olunub ki, kreyserin 20 heyət üzvü partlayış, yanğın və tüstüdən həlak olub, 24 heyət üzvü müxtəlif dərəcəli xəsarətlər alıb, səkkiz nəfər isə itkin düşüb.
Qərarla bağlı press-relizin artıq məhkəmənin veb saytından silindiyi bildirilib.
Məhkəmə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 406-cı Artilleriya Briqadasının komandiri Andrey Şubinə qiyabi ömürlük həbs cəzası verib. İstintaq onun "Moskva" kreyseri və "Admiral Essen" freqatına (2 aprel 2022-ci ildə hücuma məruz qalıb və bir nəfər yaralanıb) raket zərbələri endirməyi əmr etdiyini hesab edirlər.
Qeyd edək ki, Rusiyanın Qara Dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" kreyseri 2022-ci ilin aprelində vurulub. O zaman kreyserin Ukrayna tərəfindən "Neptun" raketi ilə vurulduğu bildirilmişdi. Lakin rəsmi Moskva kreyserin vurulmadığını, baş verən yanğından sonra sursat partlaması nəticəsində ciddi zədələndiyini, ekipajın təxliyyə edildiyini açıqlamışdı.