Rusiya–Ukrayna müharibəsinin dayandırılması üzrə son mərhələyə yaxınlaşırıq.
Moderator.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda yerli mediaya müsahibəsində deyib.
“Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması və bunun nəticəsi olaraq Avropa–Rusiya arasında sülhün təmin olunması mövzusunda artıq son mərhələyə yaxınlaşmış məqamlar var”, - o vurğulayıb.
Nazir qeyd edib ki, hazırda son dərəcə dinamik bir mühit mövcuddur və şərtlər daim dəyişir.
“İki gün əvvəl Qrenlandiya ilə bağlı hərbi variant gündəmdə idi. Dünən ABŞ Prezidenti Donald Trampın çıxışından sonra hərbi variantın olmayacağı və danışıqlara qayıdılacağı bildirildi. Altı ay sonra prosesin hara yönələcəyini bilmirik. Danışıqların necə inkişaf edəcəyini də bilmirik”, – Fidan bildirib.
O əlavə edib ki, oxşar vəziyyət Rusiya–Ukrayna münasibətlərində də hökm sürür və atəşkəsin əldə olunması olduqca vacibdir. Nazir vurğulayıb ki, əgər bu baş verərsə, region və dünya tamamilə fərqli istiqamət alacaq, əks halda isə nəticələr fərqli olacaq.
Hakan Fidan həmçinin xəbərdarlıq edib ki, bu proseslər düzgün qiymətləndirilməsə, qeyri-sabitliyə yol aça bilər, lakin düzgün hesablamalar aparılsa, mürəkkəb dövrdən zərər görmədən çıxmaq mümkündür.