"Bir parça buz" arxasında gizlənən böyük hesablar...
ABŞ prezidenti Donald Tramp Davosdakı Dünya İqtisadi Forumunda çıxışını əsasən Qrenlandiya mövzusuna həsr edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, Trampın təqdimatında ada sadəcə strateji ərazi yox, ABŞ-ın "dünya təhlükəsizliyi" üçün zəruri olan "bir parça buz"dur. Tramp açıq şəkildə bildirib ki, Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün "dərhal danışıqlar" istəyir və bunu NATO-ya verilən töhfələrlə müqayisədə "kiçik xahiş" adlandırır.
Prezident deyib ki, ABŞ istəsə gücdən də istifadə edə bilər, amma bunu istəmir. "Biz dünyanı qorumaq üçün bir parça buz istəyirik, amma onu bizə vermirlər", - Tramp gileylənib. Çıxış zamanı o, bir neçə dəfə Qrenlandiyanı İslandiya adlandırmaqla da diqqət çəkib.
Avropa yanlış yoldadır
Trampın çıxışında Avropa ayrıca tənqid hədəfi olub. Onun sözlərinə görə, Avropa "səhv istiqamətdə hərəkət edir", kütləvi miqrasiya və "yaşıl enerji" siyasəti isə qitəni zəiflədir. "Mən Avropanı sevirəm, amma artıq onu tanımıram", - ABŞ prezidenti vurğulayıb.
Tramp iddia edib ki, əvvəlki administrasiyalar "millətləri zəngin və güclü edən hər şeydən üz döndərib", nəticədə büdcə və ticarət kəsirləri dərinləşib. O, Almaniyanı nümunə göstərərək enerji istehsalının azalmasını və qiymətlərin artmasını məhz "yaşıl siyasətin" nəticəsi kimi təqdim edib və ABŞ-da bu kursu dayandırdığını bildirib.
Ukrayna, NATO və neftin kölgəsi
Tramp NATO-nun Ukraynadakı müharibəni dayandırmalı olduğunu deyib və həm Vladimir Zelenskinin, həm də Vladimir Putinin razılaşma istədiyini iddia edib. "Əgər razılaşmasalar, bu axmaqlıq olar", - o, əlavə edib. Eyni zamanda Vaşinqtonun NATO-dan istədiyi əsas "qarşılıq" yenə də Qrenlandiya olub. Analitiklər isə diqqəti Trampın demədiklərinə yönəldir. Onların fikrincə, Davos çıxışının alt qatında enerji və neft strategiyası dayanır.
Tramp "yaşıl gündəliyi" kənara itələyərək açıq şəkildə karbohidrogenlərə və nüvə enerjisinə üstünlük verir. Qrenlandiya və Venesuelaya maraq da məhz bu kontekstdə izah olunur: resurslara nəzarət və qlobal qiymət mexanizmlərinə təsir. Beləliklə, Davosda səslənən ritorika sadəcə emosional çıxış deyil. Trampın təqdim etdiyi "bir parça buz" hekayəsi, əslində, daha böyük geosiyasi və iqtisadi strategiyanın rəmzi kimi görünür.