"Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya heç bir aidiyyəti yoxdur".
Moderator.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.
Onun sözlərinə görə, Rusiya Qrenlandiya ətrafındakı vəziyyətə müdaxilə etməyəcək.
"Qrenlandiya ətrafındakı vəziyyətin bizə heç bir aidiyyəti yoxdur. Onlar bunu öz aralarında həll edəcəklər", - Rusiya prezidenti vurğulayıb.
Putin Alyaskanın ABŞ-a satılmasını xatırladaraq o zaman ödənilən qiymətə əsasən Qrenlandiyanı 200-250 milyon dollar, qızılın qiymətini nəzərə alaraq bir milyarda yaxın qiymətləndirib.
"Düşünürəm ki, ABŞ bu rəqəmin öhdəsindən gələ bilər. Danimarka həmişə Qrenlandiyaya bir müstəmləkə kimi, olduqca sərt, bəlkə də qəddarcasına yanaşıb. Amma bu, indi çətin kimisə narahat etsin", - Putin deyib.
Rusiya prezidenti Danimarkanın 1917-ci ildə Virgin adalarını ABŞ-a satdığını da xatırladıb.