Yaponiya hökuməti 2026-cı ildə Ukraynaya humanitar və texniki dəstək üçün 6 milyard dollar ayıracaq.
Moderator.az-ın məlumatına görə, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk Yaponiyanın səfiri Masaşi Nakaqome ilə görüşün nəticələrinə əsasən "Facebook" sosial şəbəkəsində yazıb.
"Yaponiya artıq Ukraynaya müxtəlif gücə malik 2,5 mindən çox elektrik generatoru, 65-dən çox transformator və 10 elektrik generator qurğusu, həmçinin enerji sisteminin dəstəklənməsi və bərpası üçün digər kritik avadanlıqlar təqdim edib", – deyə o qeyd edib.
Kondratyuk həmçinin 2025-ci ilin sonunda Yaponiyanın parlamenti tərəfindən təsdiqlənmiş Ukrayna üçün Təcili Bərpa Proqramı layihələrinə əlavə 149 milyon dollar ayrılmasına görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, ümumilikdə Yaponiyanın təqdim etdiyi maliyyə və humanitar yardım artıq 15 milyard dollardan çoxdur.
"Vacibdir ki, Yaponiya G7 ölkəsi kimi Rusiyaya qarşı sanksiya təzyiqi göstərir və təcavüzkar ölkənin beynəlxalq tribunal mexanizmi vasitəsilə məsuliyyətə cəlb olunmasını dəstəkləyir. Əminəm ki, yalnız G7 ölkələrinin, o cümlədən ABŞ və Avropanın sanksiyaları birgə gücləndirməsi Rusiyanı sülh danışıqlarına oturmağa məcbur edə bilər", – deyə Kondratyuk əlavə edib.