Dünyanın ən böyük atom elektrik stansiyası (AES) "Kasivadzaki-Kariva"nın operatoru olan Yaponiyanın "Tokyo Electric Power" korporasiyası stansiyanın 6-cı enerji blokunun yenidən işə salınmasını həyata keçirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə Yaponiya ictimai televiziyasından məlumat verilib.
Blokun kommersiya istismarının fevralın 26-dək başlanması gözlənilir.
Daha əvvəl yerli hakimiyyət orqanları "Kasivadzaki-Kariva" AES-in iki reaktorunun yenidən işə salınmasını rəsmi olaraq təsdiqləyib. Orada ümumi gücü 8.2 GVt olan yeddi reaktor quraşdırılıb ki, bu da onu dünyada ən böyük reaktor edir.
Qeyd edək ki, 2011-ci ilin yazına qədər Yaponiyada elektrik enerjisinin üçdəbirini istehsal edən 54 nüvə reaktoru fəaliyyət göstərib. "Fukusima-1" AES-də baş verən qəzadan sonra onların hamısı dayandırılıb. Ölkədə yeni, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə atom elektrik stansiyalarının qismən yenidən işə salınması reallaşdırılır. Yaponiyada 14 reaktor fəaliyyət göstərir və onların sayı getdikcə artır.