Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktını törətməkdə təqsirləndirilən Əhmədjon Kurbonov ömürlük azadlıqdan məhrum edilib.
Moderator.az xəbər verir ki, məhkəmə generalın qətlində təqsirləndirilən Kurbonovu ömürlük həbsə və 1 milyon rubl cəriməyə məhkum edib.
Məhkəmə 2024-cü il dekabrın 17-də törədilən terror aktı işi üzrə təqsirləndirilən üç müttəhimə 25 il, 22 il və 18 il həbs cəzası təyin edib.
Moskvanın hərbi məhkəməsi 2024-cü ilin dekabrında terror aktını təşkil etməkdə təqsirləndirilən 30 yaşlı özbəkistanlı Əhmədjon Kurbonovu ömürlük həbsə məhkum edib. Kurbonova mənzil kirayə verən Batuhan Toçiyev və Ramazan Padiyev müvafiq olaraq 22 və 18 il, evində bomba üçün komponentlər saxlayan erməni Robert Səfəryan isə 25 il həbs cəzası alıb.
Qeyd edək kj, İqor Kirillov və köməkçisinin qətli 2024-cü ilin dekabrında baş verib. Generalın evinin yaxınlığında park edilmiş skuterə qoyulmuş bomba onların ikisi girişdən çıxarkən partlayıb.