Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili ilə bağlı məhkəmə qərar verdi
Dünya
185
12:25, Bu gün

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili ilə bağlı məhkəmə qərar verdi

Yaponiyanın Nara prefekturasının dairə məhkəməsi keçmiş hərbi dənizçi Tetsuya Yamaqamini 2022-ci ilin iyul ayında keçmiş baş nazir Şinzo Abeni güllələməkdə günahkar bilib.
 
Məhkəmə prokurorluğun tələbini təmin edib və Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.
 
Bu barədə Oxu.az NHK nəşrinə istinadən məlumat verir.
 
Müdafiə tərəfi təqsirləndirilən şəxs üçün 20 ildən az həbs cəzası istəyib, eyni zamanda, qəsdən adamöldürmə, eləcə də odlu silah dövriyyəsinə nəzarət edən qanunların pozulması üzrə ittihamları tam şəkildə qəbul edib. Yamaqaminin vəkilləri israr ediblər ki, o, qətli anasının sadiq davamçısı olduğu "Birlik kilsəsi" dini təşkilatının ətrafındakı vəziyyətin təzyiqi altında törədib.
 
2022-ci il iyulun 8-də keçmiş hərbi dənizçi Tetsuya Yamaqami Honsyu adasının cənub-qərbindəki Nara şəhərinin küçələrinin birində seçkiqabağı mitinqdə çıxış edərkən keçmiş baş nazir Şinzo Abeni evdə hazırlanmış çoxlüləli cihazdan atılan atəşlə öldürüb. Atəş açan şəxs hadisə yerində Abenin mühafizəsi tərəfindən saxlanılıb. Dindirilmə zamanı o bəyan edib ki, keçmiş baş naziri "Birlik kilsəsi" ilə əlaqələrinin olduğuna inandığı üçün qətlə yetirib. Yamaqaminin anası bu strukturun fanatik tərəfdarı olub və demək olar ki, bütün sərvətini təşkilata bağışlayıb, ailəni iflasa sürükləyib. Sonrakı araşdırmalar göstərib ki, "Birlik kilsəsi" ilə Yaponiyanın həm hakim Liberal Demokrat Partiyasının, həm də müxalifət qüvvələrinin çox sayda nümayəndəsi əlaqə saxlayıb. 2025-ci ilin yazında Tokio məhkəməsi dini təşkilatın ləğv edilməsi barədə qərar verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər