Dünya
432
20:50, Bu gün

"Tramp Putini gözləyir: Qəzza üzrə "Sülh Şurası"nın pərdəarxası məqsədləri" - "Wirtualna Polska"

"Vaşinqton Putinin təsirindən HƏMAS-a təzyiq aləti kimi istifadə etmək istəyir..."

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Qəzza bölgəsi üzrə yaradılması planlaşdırılan "Sülh Şurası"na dəvət edib. 

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "wirtialnapolska.com" nəşri yazıb.

Vaşinqton Putini niyə masaya dəvət edir?

Kremlin mətbuat katibi Dmitri Peskov da bu dəvətin rəsmi şəkildə alındığını təsdiqləyib. Şuraya daha əvvəl Türkiyə, Misir, Qətər, Macarıstan və Qazaxıstan kimi ölkələrin liderləri dəvət olunub.

Yaxın Şərq üzrə ekspert Pavel Rakovskinin fikrincə, Tramp Putini bu layihəyə cəlb etməklə bir neçə məqsədi eyni vaxtda həll etməyə çalışır. Əsas məqsədlərdən biri HƏMAS-a təsir imkanları olan fiqurları bir platformada toplamaqdır. Rakovski hesab edir ki, Qəzzada istənilən idarəetmə mexanizmi faktiki olaraq HƏMAS-ın razılığı olmadan işləyə bilməz və Putin bu prosesdə dolayı təsir vasitəsi kimi nəzərdən keçirilir.

Ekspertin sözlərinə görə, bu layihə eyni zamanda məsuliyyətin bölüşdürülməsinə də xidmət edir: mürəkkəb və riskli bir təşəbbüsdə Vaşinqton mümkün uğursuzluğun yükünü təkbaşına daşımaq istəmir.

İsrail amili və Avropanın kənarda qalması

Rakovski istisna etmir ki, Putinin iştirakında İsrailin özü də maraqlı ola bilər. Onun fikrincə, Təl-Əviv Rusiya vasitəsilə regionda artan Türkiyə təsirini balanslaşdırmağa çalışa bilər. Xüsusilə İran-Fələstin-Türkiyə üçbucağında formalaşan yeni reallıqlar İsraili alternativ diplomatik kanallar axtarmağa sövq edir.

Eyni zamanda Avropanın bu təşəbbüsə qoşulmaq istəmədiyi açıq görünür. Hazırda Avropadan yalnız Trampa yaxınlığı ilə tanınan Macarıstanın baş naziri Viktor Orban Şuraya dəvət olunub. Ekspertlərin fikrincə, əgər bu formatda Putin iştirak edərsə, əksər Avropa liderləri üçün bu platforma siyasi baxımdan "narahat" görünəcək.

Bundan əlavə, İsrail mediası yazır ki, Trampın "Sülh Şurası" ideyası İsrailin onilliklər boyu müdafiə etdiyi əsas prinsipə ziddir. İsrail həmişə münaqişənin ABŞ vasitəçiliyi ilə birbaşa ikitərəfli danışıqlar yolu ilə həllini müdafiə edib və geniş beynəlxalq formatları strateji risk hesab edib.

"Sülh Şurası" BMT-ni əvəz edəcəkmi?

Yeni təşəbbüsün miqyası da suallar doğurur. ABŞ administrasiyası artıq təxminən 60 ölkəyə "Sülh Şurası"na qoşulmaq üçün dəvət göndərib və ondan çox ölkə ilkin razılıq verib. Konsepsiyaya görə, bu qurum faktiki olaraq BMT-yə alternativ platformaya çevrilə və daha sərt şəkildə ABŞ-ın nəzarəti altında fəaliyyət göstərə bilər.

Məhz bu məqam Qərbdə, xüsusilə Fransada ciddi tənqidlərə səbəb olub. Tənqidçilər hesab edir ki, Putinin mümkün iştirakı onun beynəlxalq legitimliyini gücləndirə bilər. Digər tərəfdən, Şuranın tərkibinə Qətər və Türkiyənin daxil edilməsi İsraildə əlavə narahatlıq yaradır.

Ekspertlər qeyd edir ki, hazırda "Sülh Şurası" ideyası daha çox siyasi niyyətlər və səlahiyyət bölgüsü səviyyəsində qalır. Mexanizmlər, hüquqi çərçivə və real icra alətləri hələlik qeyri-müəyyəndir. Bu isə təşəbbüsün həqiqətən sülh gətirəcək mexanizm, yoxsa böyük güclər arasında yeni təsir platforması olub-olmayacağı sualını açıq saxlayır.

Link kopyalandı!
Son xəbərlər