Qrenlandiya həqiqətən də strateji əhəmiyyətə malikdir – o, əsas sualtı kommunikasiya marşrutlarının qovşağında yerləşir və kritik xammal ehtiyatlarına sahibdir. Lakin bu amillər heç kimə ada üzərində sərəncam vermək hüququ vermir.
Moderator.az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Parlamentində "Qrenlandiya və Danimarka Krallığının ərazi bütövlüyü və suverenliyi: ABŞ-nin şantaj cəhdlərinə qarşı Aİ-nin vahid cavabının zəruriliyi" adlı debatları açarkən bəyan edib.
Kallas Aİ-nin Qrenlandiya və Danimarkanın suverenliyinə möhkəm və şərtsiz dəstəyini ifadə edib.
"Qrenlandiya öz xalqına məxsusdur. Nə təhdidlər, nə də tariflər bunu dəyişəcək. Suverenlik ticarət mövzusu deyil", - o vurğulayıb.
Kallas qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları müttəfiqlər arasında misilsiz vəziyyət yaradıb və yeni tariflərin tətbiqi həm Avropa, həm də Amerika iqtisadiyyatına zərər vura bilər.
Onun sözlərinə görə, Avropa İttifaqı Qrenlandiyanın etibarlı tərəfdaşı olaraq qalır. Avropa Komissiyası adaya növbəti çoxillik Aİ büdcəsi çərçivəsində maliyyə dəstəyini ikiqat artırmağı təklif edib. Eyni zamanda ABŞ, Danimarka və Qrenlandiya arasında birbaşa məsləhətləşmələr alqışlanmalıdır, çünki məsuliyyətli müttəfiqlər məhz bu cür davranmalıdır.
Kallas, həmçinin Arktikanın ümumi əhəmiyyətinə diqqət çəkib – burada geostrateji rəqabət açıq şəkildə mövcuddur. Onun sözlərinə görə, Rusiya uzun müddətdir Uzaq Şimalda hərbi infrastruktura sərmayə yatırmaqla məşğuldur, Çin isə qütb donanmasının imkanlarını genişləndirir.
"Lakin Aİ hazırda Rusiyanın və ya Çinin məhz Qrenlandiyaya yönəlmiş birbaşa addımlarını qeydə almır", – o bildirib. Bununla belə, hazırlıq indidən olmalıdır və Qrenlandiyanın təhlükəsizlik məsələləri lazım gəldikdə NATO çərçivəsində səmərəli şəkildə həll edilə bilər.
Avropa Parlamentində müxtəlif siyasi cərəyanların nümayəndələri debatlarda kiçik istisnalarla, Qrenlandiya və Danimarkanı dəstəkləyiblər. Bununla yanaşı, bir sıra deputatlar ABŞ-nin niyyətlərinə və yeni tarif təhdidlərinə qarşı kifayət qədər ciddi tədbirlər görməyi təklif ediblər. Xüsusilə, onlar məcburetməyə qarşı mübarizə alətinin (ACI) işə salınmasını tələb ediblər. Bu mexanizm dost olmayan dövlətlərin dövlət satınalmaları tenderlərində iştirakını məhdudlaşdırır, ticarət lisenziyalarını məhdudlaşdırır və hətta Aİ-nin vahid bazarına girişini bağlaya bilər.