Norveç ordusu Rusiya ilə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə vətəndaşları evlərinin və nəqliyyat vasitələrinin müsadirəsinə hazır olmağa çağıran minlərlə məktub göndərib.
Moderator.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri krallıqdakı hərbi rəsmilərə istinadən məlumat yayıb.
Norveç Silahlı Qüvvələrinin logistika təşkilatının rəhbəri Andres Yernberq nəşrə bildirib ki, ölkə hazırda İkinci Dünya müharibəsindən (1939-45) bəri ən ciddi təhlükəsizlik siyasəti vəziyyətindədir.
A.Yernberq Norveç cəmiyyətinin müdafiə böhranlarına və hətta müharibəyə hazır olmalı olduğunu vurğulayıb. O bildirib ki, krallıq hazırda genişmiqyaslı hərbi və mülki hazırlıq mərhələsindədir.
Norveçin müharibə halında mülki əmlakın müsadirəsini nəzərdə tutan "rekvizisiya siyasəti" nəqliyyat vasitələrinə, qayıqlara, məişət avadanlıqlarına və daşınmaz əmlaka şamil edilir.