Şimali Amerika Hava Müdafiə Komandanlığı (NORAD) ABŞ təyyarələrinin “rutin fəaliyyətlər” çərçivəsində Qrenlandiyada yerləşdiriləcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp ölkəsinin “milli təhlükəsizlik məqsədi ilə Qrenlandiyaya ehtiyacı olduğunu” və bunun “inşa edilən Qızıl Qübbə üçün həyati əhəmiyyət daşıdığını” qeyd etmişdi. NORAD isə təyyarələrinin “uzun müddətdir planlaşdırılan rutin fəaliyyətlər” çərçivəsində Qrenlandiyada yerləşdiriləcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, NORAD-ın ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabından verilən açıqlamada, “NORAD təyyarələri tezliklə Qrenlandiyadakı Pituffik Kosmos Bazasına çatacaq” ifadəsi yer alıb.
Açıqlamada bu yerləşdirmənin ABŞ, Kanada və Danimarka arasında müdafiə əməkdaşlığı çərçivəsində uzun müddətdir planlaşdırılan fəaliyyətlərin bir hissəsi olduğu bildirilib. Yerləşdirmənin Danimarka ilə koordinasiya edildiyi, vəzifədə iştirak edən bütün bölmələrin lazımi diplomatik icazələrlə hərəkət etdiyi vurğulanıb, Qrenlandiya hakimiyyətinin də planlaşdırılan əməliyyatlar barədə məlumatlandırıldığı qeyd edilib. Həmçinin təyyarələrin Şimali Amerikanın müdafiəsinə yönəlmiş rutin əməliyyatlara dəstək verəcəyi bildirilib.
QRENLANDİYA QIZIL QÜBBƏNİN KİLİD HİSSƏSİDİR?
ABŞ Prezidenti Donald Tramp bir müddətdir Qrenlandiyanı ölkəsinin ərazisinə qatmaq istədiyini açıq şəkildə vurğulayır. Tramp bu istəyinin səbəbi kimi ölkəsinin “milli təhlükəsizlik məqsədi ilə Qrenlandiyaya ehtiyacı olduğunu” dilə gətirmişdi. “İnşa edilən Qızıl Qübbə üçün həyati əhəmiyyət daşıdığını” bildirən Tramp son açıqlamasında belə demişdi:
“İndi Qızıl Qübbə (The Golden Dome) və həm hücum, həm də müdafiə məqsədli Müasir Silah Sistemləri səbəbindən bu torpağı SATIN ALMA ehtiyacı xüsusilə önəm qazanmışdır. Qübbə ilə bağlı təhlükəsizlik proqramlarına, Kanadanın mümkün qorunması da daxil olmaqla, hazırda yüz milyardlarla dollar xərclənir. Bu son dərəcə ağıllı, lakin bir o qədər də mürəkkəb sistem bucaqlar və sərhədlər səbəbindən yalnız bu ərazi sistemə daxil edilərsə maksimum potensial və səmərəliliklə işləyə bilər. ABŞ, onlar üçün onilliklərdir təmin etdiyimiz maksimum qoruma da daxil olmaqla hər şeyə baxmayaraq, bu qədər şeyi riskə atan Danimarka və ya digər ölkələrlə danışıqlara açıqdır. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”
QRENLANDİYA DANİMARKAYA BAĞLIDIR
Arktikada yerləşən Qrenlandiya adası Danimarka Krallığına bağlı muxtar bölgədir. Coğrafi baxımdan Şimali Amerikanın bir hissəsi olan ada Kanada sahillərinə olduqca yaxın mövqedədir. Tramp Qrenlandiya ilə bağlı planlarını ilk dəfə gündəmə gətirəndə adanın Rusiya və Çin gəmiləri tərəfindən istila edildiyini və bunun ABŞ-nin bölgədəki maraqlarına zidd olduğunu iddia etmişdi. Digər tərəfdən, dünya sülhünün təhlükəli vəziyyətə düşdüyünü də bildirən Tramp demişdi:
“Danimarkanı, bütün Avropa İttifaqı ölkələrini və digərlərini illərdir onlardan gömrük rüsumu və ya başqa bir ödəniş almadan maliyyələşdirmişik. İndi isə əsrlər sonra Danimarkanın qarşılığını vermə vaxtı çatıb; Dünya Sülhü təhlükədədir! Çin və Rusiya Qrenlandiyanı istəyir və Danimarkanın bu mövzuda edə biləcəyi heç nə yoxdur. Hazırda qoruma olaraq cəmi iki it xizəyi var, onlardan biri də yenicə əlavə edilib.”
Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın naməlum məqsədlərlə Qrenlandiyaya səfər etdiyini deyən Tramp bunun dünya üçün çox təhlükəli bir vəziyyət yaratdığını bildirib. Bu səbəbdən tədbir görülməsinin vacibliyini vurğulayaraq yüksək vergi dərəcələrinin tətbiq ediləcəyini açıqlayıb.
TRAMPDAN YÜKSƏK VERGİ DƏRƏCƏSİ
Donald Tramp bir neçə gün əvvəl sosial media hesabında paylaşdığı uzun yazıda Qrenlandiyaya gedən sözügedən 8 Avropa ölkəsi üçün 1 fevral tarixindən etibarən 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, 1 iyun tarixindən sonra isə bu dərəcənin 25 faizə qaldırılacağını bildirib. Tramp açıqlamasında belə deyib:
“1 fevral 2026 tarixindən etibarən yuxarıda adı çəkilən bütün ölkələrə (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiya) Amerika Birləşmiş Ştatlarına göndərdikləri hər cür mal üçün 10% gömrük rüsumu tətbiq ediləcək. 1 iyun 2026 tarixində bu rüsum 25%-ə qaldırılacaq. Bu gömrük rüsumu Qrenlandiyanın tam şəkildə satın alınmasına dair bir razılaşma əldə edilənədək ödəniləcək. Amerika Birləşmiş Ştatları 150 ildən artıqdır bu işi görməyə çalışır. Bir çox prezident bunu sınadı və bunun üçün yaxşı səbəbləri vardı, lakin Danimarka hər zaman rədd etdi.”
ƏLƏ KEÇİRMƏ ARZUSU AÇIQDIR
Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya xarici işlər nazirlərinin görüşündən sonra da əsas fikir ayrılıqlarının davam etdiyi, ABŞ-nin Qrenlandiyanı “ələ keçirmə arzusunun açıq” olduğu qeyd edilib.nDanimarka Krallığına bağlı muxtar bölgə Qrenlandiya daha əvvəl ABŞ tərəfindən gələn və suverenliyin verilməsini də əhatə edən yanaşmaları rədd etmişdi.
Danimarka son dövrdə müttəfiqlərlə birlikdə bölgədə hərbi əməkdaşlığın artırılması çağırışı etmişdi. Bu çərçivədə Avropa ölkələri Qrenlandiyaya kiçik hərbi birliklər və zabitlər göndərəcəklərini açıqlamışdı.