ABŞ-nin nəhəng aviadaşıyıcı gəmisi İrana doğru irəliləyir -
Dünya
139
10:14, Bu gün

ABŞ-nin nəhəng aviadaşıyıcı gəmisi İrana doğru irəliləyir - "Bütün variantlar masadadır"

İrandakı gərginlik fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmisi - "USS Abraham Linkoln" və müşayiətedici zərbə qrupu Hind okeanına girərək, Yaxın Şərqə doğru irəliləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Marine Traffic"in məlumatlarında bildirilib.
 
Xəbərə görə, "Tomahawk" raketləri ilə silahlanan "USS Spruance", "USS Michael Murphy" və "USS Frank Petersen" esmineslərinin müşayiəti ilə aviadaşıyıcı gəmi Cənubi Çin dənizində Malakka boğazından Hind okeana keçidini başa çatdırıb. ABŞ Hərbi Dəniz Qüvvələri qrupu hazırda qərbə doğru hərəkət edir.
 
Qeyd olunur ki, "USS Abraham Linkoln" aviadaşıyıcında üç eskadrilya "F/A-18" və bir eskadrilya "F-35C" beşinci nəsil qırıcı təyyarələri var.
 
"The Jerusalem Post" qəzetinin məlumatına görə, gəmi və onu müşayiət edən esmineslərin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına 5-7 gün ərzində çatması gözlənilir.
 
Nəşr həmçinin ötən həftə sonu İordaniyaya 12 ABŞ "F-15" qırıcı təyyarəsinin gəldiyini bildirib.
 
Son məlumatlara görə, ABŞ artıq yerüstü hədəfləri vurmaq üçün istifadə edilən bu təyyarələrdən 35-ni İordaniyaya yerləşdirib.
 
Hərbi nəqliyyat təyyarələri Birləşmiş Ştatların Hind okeanındakı Diyeqo Qarsiya adasındakı bazasına eniş edib.
 
Ötən ilin iyununda "B-2" strateji gizli bombardmançı təyyarələri İranın nüvə obyektlərini vurmaq üçün bu bazadan istifadə edib.
 
Hazırda Mərkəzi Komandanlığın məsuliyyət zonasında artıq üç idarəolunan raket esminesi var: "USS Mitscher", "USS McFaul" və "USS Roosevelt". Bunlar da "Tomahawk" raketləri ilə təchiz olunub.
 
Nəşrin vurğuladığına görə, ABŞ Silahlı Qüvvələri ölkə lideri Donald Trampın İrana zərbə endirmək barədə mümkün əmri fonunda Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmağa davam edir.
 
ABŞ rəsmiləri "The Jerusalem Post" nəşrinə bildiriblər ki, hazırda bütün variantlar masadadır.
 
Onlar əlavə ediblər ki, məqsəd, ABŞ İrana zərbə endirmək qərarına gələrsə, Yaxın Şərqdə geniş seçim imkanı verəcək əhəmiyyətli bir hərbi qüvvə yaratmaqdır.
 
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
 
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər