Dünya
1364
19 Jan 2026 | 21:45

"Çin dünyada ilk dəfə olaraq hibrid atom elektrik stansiyasının inşasına başlayıb" - "Sinxua" agentliyi

"Atom enerjisi artıq yalnız elektrik deyil, sənaye üçün istilik də istehsal edir..."

Çində dünyada ilk dəfə olaraq sənaye üçün böyük həcmdə buxar istehsal edə bilən hibrid atom elektrik stansiyasının tikintisinə start verilib.

Moderator.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Atom enerjisinin sənaye inqilabı: "Süyvey" hibrid AES layihəsi

Tzsyansu əyalətində inşa olunan "Süyvey" Atom Elektrik Stansiyası neft-kimya sənayesinin dekarbonizasiyasını hədəfləyən strateji layihə kimi təqdim olunur. İlk enerji blokunun təməlində betonun tökülməsi ilə Çin klassik atom stansiyalarından fərqli olaraq, yalnız elektrik deyil, eyni zamanda sənaye üçün istilik istehsal edən yeni nəsil obyektlərə keçid edib.

Layihə ağır kimya sənayesində kömür və qaz kimi fosil yanacaqların əvəzlənməsini nəzərdə tutur və bu baxımdan "təmiz enerji mühərriki" kimi qiymətləndirilir. "China National Nuclear Corporation" (CNNC) tərəfindən hazırlanan bu obyekt Çinin 15-ci beşillik planının ilk ilində tikintisinə başlanan ilk atom layihəsidir və atom texnologiyalarının tətbiq sahəsinin genişləndirilməsini simvolizə edir.

Sənaye üçün ekstremal istilik həlli

"Süyvey" AES-in əsas özəlliyi onun hibrid konstruksiyasıdır. Stansiyada üçüncü nəsil "Hualong One" reaktoru ilə dördüncü nəsil yüksək temperaturlu qazla soyudulan reaktor bir sistemdə birləşdirilib. Birinci reaktor əsas buxarı istehsal edir, ikinci isə onu əlavə qızdıraraq kimyəvi krekinq və distillə üçün tələb olunan temperaturlara çatdırır.

AES Lianyunqan neft-kimya klasterinin yaxınlığında yerləşir və bu zona saatda təxminən 13 min ton buxar istehlak edir. Kömürdən atom mənşəli buxara keçid ekoloji yükü kəskin azaldacaq. Layihənin ilk mərhələsi istismara verildikdən sonra illik 32,5 milyon ton sənaye buxarı və 11,5 milyard kVt-saatdan çox "təmiz" elektrik enerjisi istehsalı planlaşdırılır. Bu isə ildə təxminən 19,6 milyon ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.

Çjancjou AES və qlobal ambisiya

Eyni zamanda Çin "Hualong One" texnologiyasına əsaslanan dünyanın ən iri atom elektrik stansiyalarından birini istismara verib. Çjancjou şəhərində yerləşən AES-in iki enerji bloku artıq müntəzəm elektrik istehsalına başlayıb. Üç konturlu, su ilə soyudulan və təzyiqli reaktor tipinə aid olan "Hualong One" üçüncü nəsil atom texnologiyasıdır və Avropa EUR standartlarına uyğun sertifikatlaşdırılıb, həmçinin Böyük Britaniyada təhlükəsizlik qiymətləndirməsindən keçib.

İki blok birlikdə ildə təxminən 20 milyard kVt-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 16 milyon ton karbon qazı emissiyasının azalması deməkdir. Gələcəkdə ərazidə altı reaktorun yerləşdirilməsi planlaşdırılır və bu halda Çjancjou AES bir tip milli reaktor əsasında qurulan dünyanın ən böyük atom stansiyasına çevriləcək. CNNC bu layihələri qlobal miqyasda enerji tutumlu sənayelərin aşağıkarbonlu transformasiyası üçün "Çin həlli" kimi təqdim edir.

Link kopyalandı!
Son xəbərlər